19 yanvar 2026 19:06
138

“Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım: istiqamətlər və perspektivlər” mövzusunda görüş keçirilib

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsində “Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım: istiqamətlər və perspektivlər” mövzusunda görüş təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Hüquq və İnsan Haqları İnstitutunun, Bələdiyyələrin Milli Assosiasiyalarının, Ədliyyə Nazirliyi yanında İctimai şuranın nümayəndələri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri iştirak ediblər.

Tədbir zamanı iştirakçılara Bələdiyyələrlə iş baş idarəsinin fəaliyyəti və bələdiyyələrlə aparılan işin əsas istiqamətləri barədə məlumat verilib. Daha sonra baş idarə tərəfindən 2025-ci ildə hazırlanmış “Yerli özünüidarəetmədə şəffaflıq və antikorrupsiya” və “Bələdiyyə üzv və qulluqçularının hüquqi statusu və ondan irəli gələn əsas tələblər” adlı metodik vəsaitlərin təqdimatı keçirilib. Təqdimat çərçivəsində metodik vəsaitlərdə əhatə olunan məsələlərə, aidiyyəti sahələr üzrə mövcud boşluqlara  və onların aradan qaldırılması mexanizmlərinə toxunulub.

Tədbirdə, həmçinin bələdiyyələrlə metodoloji işin daha da təkmilləşdirilməsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, bələdiyyələrin institusional inkişafı və maliyyə dayanıqlılığının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı əməkdaşlıq imkanları üzrə təkliflər irəli sürülüb.