20 yanvar 2026 10:04
108

DİN qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) Bakı, digər şəhər eləcə də rayonlarda qarlı hava ilə bağlı yol hərəkəti iştirakçılarına daha yüksək diqqət və məsuliyyətli olmaqla bağlı müraciət edib.

“İki sahil” xəbər verir ki, nazirliyin müraciətində bütün yol hərəkəti iştirakçılarına ayıq-sayıq olmaq, diqqətli davranmaq və qarşılıqlı anlayış nümayiş etdirməklə bağlı çağırış olunub.

Bildirilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir. Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir: "Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, sürət həddinə ciddi şəkildə riayət etsinlər, qəfil manevrlərdən çəkin­sınlər və yol hərəkəti qaydalarına tam əməl etsinlər. Eyni zamanda piyadalardan da xahiş edirik ki, yolları yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, sürüşkən yol örtüyünü nəzərə alsınlar, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirsinlər və öz təhlükəsizliklərini daim ön planda saxlasınlar".