23 yanvar 2026 15:22
84

Avropa İttifaqı ABŞ ilə münasibətlərdə geri dönüşü olmayan yola daxil olub - "Politico"

Avropa İttifaqı üzv ölkələrinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşü simvolik olaraq bir dönüm nöqtəsi kimi qiymətləndirilir – birlik ABŞ ilə gələcək əməkdaşlıq məsələsində geri dönüşü olmayan yola daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" diplomatlar və Aİ rəsmilərinə istinadla məlumat yayıb.

“Bu, şok terapiyası kimidir. Avropa əvvəlki vəziyyətinə qayıda bilməz. Bu barədə artıq bir neçə gündür danışırlar”, – deyə nəşrin mənbələrindən biri bildirib.

"Politico"nun məqaləsində qeyd olunur ki, köhnə və yeni dünya düzəni arasında “taleyüklü fərq” yaranıb. Burada “köhnə” dedikdə İkinci Dünya Müharibəsindən bəri Qərbi Avropa ölkələrinin siyasəti nəzərdə tutulur, “yeni” isə Aİ-nin qarşıdakı dövrdə qarşılaşacağı reallıqlardır.

Digər bir mənbənin sözlərinə görə, Avropa ilə ABŞ arasındakı münasibətlərdəki dinamika yalnız enerji təhlükəsizliyi, müdafiə və ya ticarət asılılığı ilə bağlı deyil – “hər şey və birdən-birə” məsələləri əhatə edir.

Aİ ilə ABŞ arasında ən əsas fikir ayrılıqlarından biri Qrenlandiya məsələsidir.