23 yanvar 2026 15:52
87

Braziliyada turnirdə iki tennisçi irqçilik ittihamı ilə HƏBS OLUNDU

Braziliyanın Santa-Katarina ştatının hərbi polisi Challenger kateqoriyalı turnir zamanı irqçi təhqirlərinə görə iki tennisçini – kolumbiyalı Kristian Rodrigez və venesuelalı Luis David Martinez – həbs edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Olimpiada Todo Dia" xəbər yayıb.

Hadisə braziliyalı duet İqor Markondes və Eduardu Riberu ilə matçda məğlubiyyətlə nəticələndikdən sonra baş verib. Matçın sonunda venesuelalı tennisçi rəqiblərinə qarşı meymun hərəkətlərini təqlid edən jest göstərib. Daha sonra kolumbiyalı tennisçi otelin işçisi ilə mübahisəyə girərək onu meymuna bənzədib.

Turnir təşkilatçıları polis çağırsa da, tennisçilər hüquq-mühafizə orqanları gəlməmiş tribunadan ayrılıb. Luis David Martinez oteldə saxlanılıb və polis bölməsinə aparılaraq irqçilik ittihamı irəli sürülüb. Braziliya qanunvericiliyinə görə belə cinayətə görə 2-dən 5 ilədək həbs və həmçinin maliyyə cəriməsi nəzərdə tutulub. Kristian Rodrigez isə otel işçisinə qarşı diskriminasiya səbəbi ilə həbs edilib.