Fransada iki körpənin ölümündən sonra Nestle və Lactalis şirkətlərinə məxsus süd qarışıqları satışdan geri çağırılıb.
“İki sahil” "Komersant"a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Fransanın səhiyyə naziri Stefani Rist BFMTV telekanalına açıqlamasında bildirib ki, Bacillus cereus bakteriyası ilə çirklənmiş ola biləcək körpə süd qarışıqlarının müəyyən partiyaları artıq mağaza rəflərindən yığışdırılıb. Nazirlik valideynləri son dərəcə diqqətli olmağa və aldıqları məhsulların geri çağırılan partiyalara aid olub-olmadığını yoxlamağa çağırır.
"Franceinfo"nun məlumatına görə, Nestle şirkətinə məxsus süd qarışığını qəbul etdikdən sonra ilk körpə ölümü dekabrın sonunda Fransanın qərbində yerləşən Anje şəhərində qeydə alınıb. Lakin bu hadisə ilə bağlı aparılan istintaq yalnız yanvarın 22-də ictimaiyyətə açıqlanıb. İkinci ölüm halı isə yanvarın əvvəlində Bordo şəhərinin ətrafında baş verib. Bundan əlavə, Nestle məhsullarından zəhərlənmə ilə bağlı çoxsaylı ağır hallar qeydə alınıb və bir çox körpə xəstəxanaya yerləşdirilib.

Nestle şirkəti yanvarın 5-də Guigoz və Nidal markaları altında istehsal olunan körpə süd qarışıqlarının geri çağırıldığını elan edib. Şirkətin baş direktoru Filip Navratil istehlakçılara müraciət edərək bildirib ki, körpələrin zəhərlənməsi ilə süd qarışıqları arasında birbaşa əlaqə hələ sübuta yetirilməyib və məhsulların kütləvi geri çağırılması ehtiyat tədbiri xarakteri daşıyır.
Yanvarın 21-də isə Fransanın digər böyük istehsalçısı Lactalis də öz körpə süd qarışıqlarını könüllü şəkildə geri çağırdığını açıqlayıb.