Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkədə saxta, süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılan məlumatla bağlı araşdırma aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “İki sahil”ə verilən məlumata görə, istehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 5A ünvanında fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus “Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub.
Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kiloqram dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kiloqram yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb.
Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.