“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirdi

Cavid Quliyev bildirib ki, səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişaf mərhələsidir: “IPO prosesinə qoşulan ilk özəl Bank məhz “PAŞA Bank”dır. “Paylaşdıqca, böyüyürük. Birlikdə.” şüarı ilə keçirilən səhmlərinin yerləşdirilməsi, bankımıza daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan bir maliyyə institutu kimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5 faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdən ibarətdir.”
O, qeyd edib ki, “PAŞA Bank” hər zaman real sektorun etibarlı maliyyə tərəfdaşı olub və bu missiyanı uğurla davam etdirir: “İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhm bazarına çıxışımıza təkan oldu. Bu addım ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfə verməmiz üçün yeni fürsətlər yaradır.”
Tədbirdə "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, bu günə bankın 17 725 590 ədəd səhmi var: “Bunların təxminən 5%-i həcmində, yəni 932 926 ədəd adi, adlı səhmin bazara təqdim olunması planlaşdırılır. Hazırda emissiya prospektinin yekunlaşması səhmlərin qiymətinə və digər çərçivənin formalaşması işlərini aparırıq. Bu və digər şərtlər, o cümlədən bazar amili, investor marağı, qiymətləndirmə nəticəsi, beynəlxalq təcrübələr nəzərə alınacaq. Əsas hədəfimiz səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır. Səhmlərin satış prosesinin həm rəqəmsal, həm də fiziki kanallar şəklində qurmağı planlaşdırırıq. Anderrayter "PAŞA Kapital" olacaq. Eyni zamanda hazırda biz digər broker şirkətləri ilə də danışıqlar aparırıq.”

Qeyd edək ki, “PAŞA Bank” 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Fəaliyyətinin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sector bizneslərinin maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. “PAŞA Bank” Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də xidmət göstərir. Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlarla, o cümlədən “Ən yaxşı KOS bankı” və “World’s Best Private Banks 2025” kimi titullarla təltif olunub. 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Orxan Vahidoğlu, "İki sahil"