05 mart 2026 22:57
119

Dövlətçilik ənənəsində qadın amili siyasi modernləşmə kursudur

8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız sosial-humanitar mahiyyət daşıyan tarix deyil. Bu gün həm də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan gender bərabərliyinin, qadın iştirakçılığının və siyasi inklüzivliyin nəticələrinin qiymətləndirilməsi üçün mühüm platformadır. Azərbaycan modeli göstərir ki, qadın siyasəti ayrıca sosial layihə deyil, milli dövlət quruculuğunun ayrılmaz komponentidir. Qadının siyasi sistemdə rolu cəmiyyətin demokratikləşmə səviyyəsinin, institusional yetkinliyinin və idarəetmə keyfiyyətinin göstəricisidir. Azərbaycanın tarixi yaddaşında qadın yalnız ailə institutunun dayağı deyil, həm də dövlətçilik ənənələrinin iştirakçısı kimi çıxış etmişdir. Qədim ədəbi mənbə olan Kitabi-Dədə Qorqud dastanı qadının ictimai-siyasi iradəsini və hərbi-sosial funksiyasını təsvir edir. Orta əsrlərdə Sara Xatun diplomatik münasibətlərdə dövlət maraqlarını müdafiə etmiş, Möminə Xatun siyasi hakimiyyət institutunun formalaşmasında rol oynamışdır. Tomris isə qadın liderliyinin hərbi-siyasi modelini tarixə həkk etmişdir. Bu faktlar göstərir ki, Azərbaycan qadınının siyasi subyektliyi yeni mərhələnin məhsulu deyil, tarixi ənənənin davamıdır.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verməklə Şərq dünyasında siyasi modernləşmənin əsasını qoydu. Bu qərar təkcə hüquqi akt deyildi, həm də siyasi mədəniyyətin yenilənməsi idi. Qadının seçki hüququnun tanınması parlamentli respublika modelinin inklüziv xarakterini təsdiqləyirdi. Azərbaycan qadını bir çox Qərb dövlətlərindən əvvəl siyasi sistemin tamhüquqlu iştirakçısına çevrildi. Müstəqillikdən sonra qadın məsələsi dövlət siyasətinin sistemli istiqamətinə çevrildi. Bu kursun ideoloji və siyasi əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldı. 1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi, qadınların dövlət idarəçiliyində təmsilçiliyinin artırılması ilə bağlı fərman və sərəncamlar gender siyasətini institusional müstəviyə çıxardı. 6 mart 2000-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman dövlət strukturlarında qadınların rəhbər vəzifələrdə təmsilçiliyini prioritet istiqamət kimi müəyyən etdi. Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların hüquq bərabərliyinə təminat verir. 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun və 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun gender siyasətinin hüquqi bazasını gücləndirdi. Eyni zamanda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət siyasətinin həyata keçirilməsində əsas koordinasiyaedici qurum kimi çıxış edir. Azərbaycanın Pekin Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulması ölkəmizin qlobal gender gündəliyinə inteqrasiyasını təmin etmişdir. Hazırda isə qadın siyasəti cənab Prezident İlham Əliyev tərəfindən sosial-iqtisadi islahatlarla paralel şəkildə davam etdirilir. Son illər qəbul olunmuş strateji sənədlər qadınların iqtisadi fəallığının artırılmasını, əmək bazarında gender fərqlərinin azaldılmasını, dövlət qulluğunda və yerli özünüidarəetmədə təmsilçiliyin genişləndirilməsini nəzərdə tutur. “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” artıq növbəti mərhələnin yol xəritəsidir. Plan normativ-hüquqi bazanın təkmilləşdirilməsi, qurumlararası koordinasiyanın gücləndirilməsi, qadınların rəqəmsal savadlılığının artırılması və sosial həssas qrupların müdafiəsini hədəfləyir. Bu sənəd gender siyasətini sosial sahədən çıxararaq milli inkişaf strategiyasının əsas komponentinə çevirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkənin humanitar və mədəni diplomatiya siyasətində aparıcı rol oynayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu beynəlxalq humanitar layihələr vasitəsilə Azərbaycanın “yumşaq güc” potensialını gücləndirir. 2026-cı ildə yaradılmış Rəqəmsal İnkişaf Şurasına rəhbərliyin Mehriban xanım Əliyevaya həvalə olunması qadın liderliyinin innovasiya və texnoloji modernləşmə istiqamətində də önə çıxdığını göstərir. Bu, qadın iştirakçılığının yalnız sosial sahə ilə məhdudlaşmadığını, strateji idarəetmə səviyyəsinə yüksəldiyini nümayiş etdirir. Rəqəmlər artıq siyasi iradənin real nəticələrini göstərir. Əhalinin 50,2 faizini qadınlar təşkil edir, işçi qüvvəsində qadınların payı 48 faizdən artıqdır, yerli özünüidarəetmədə qadınların təmsilçiliyi 39 faizdən çoxdur, dövlət qulluğunda qadınların xüsusi çəkisi artmaqdadır və Milli Məclisdə qadın deputatların sayı VII çağırışda 26 nəfərə çatmışdır və 2020-ci ildən parlamentə qadın sədr rəhbərlik edir. Bu göstəricilər gender siyasətinin formal deyil, praktik nəticələr verdiyini təsdiqləyir. Azərbaycanın postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq prosesində də qadınların rolu artır. Sosial layihələr, məşğulluq proqramları və sahibkarlıq təşəbbüsləri qadınların iqtisadi subyekt kimi mövqeyini gücləndirir. Gender siyasətinin iqlim dəyişiklikləri, rəqəmsallaşma, innovasiya və media mühiti kimi yeni istiqamətlərlə inteqrasiyası isə siyasi sistemin çevik və adaptiv xarakterini nümayiş etdirir.

Müasir Azərbaycan modeli göstərir ki, qadın siyasəti sosial jest deyil, strateji dövlət kursudur. Qadının siyasi, iqtisadi və ictimai həyatda iştirakı milli təhlükəsizlik, sosial sabitlik və davamlı inkişaf anlayışları ilə birbaşa bağlıdır. 8 Mart münasibətilə Azərbaycan qadınına ünvanlanan təbriklər eyni zamanda dövlətin gender bərabərliyi kursuna sadiqliyinin təsdiqidir. Azərbaycan qadını bu gün yalnız ailənin deyil, siyasi sistemin, iqtisadi modernləşmənin və milli ideologiyanın aktiv daşıyıcısıdır. Güclü dövlət modeli güclü qadın modelindən keçir. Bu model artıq Azərbaycanın siyasi reallığıdır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri