Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma yeni və daha kəskin mərhələyə adlayıb. Katolikos II Qareginə qarşı cinayət işinin açılması və onun ölkədən çıxışına qadağa qoyulması baş revanşist daxil radikal düşərgəni az qala, cin atına mindirib. Cinayət işi açılıbsa, demək ki, o, hər an həbsə də atıla bilər. Ancaq istisna deyil ki, baş nazir Nikol Paşinyan bunu qarşıdakı parlament seçkiləri və yeni Konstitusiyanın qəbulundan sonraya saxlasın. Təzə Konstitusiyada isə Eçmiədzinə ölkə ictimai-siyasi həyatına müdaxilə hüququ verən əvvəlki imtiyazlar tanınmayacaq. Artıq bunun anonsu da verilib. Yəni, Paşinyan əslində, həm də erməni qriqorian kilsəsinin toplumdakı konstitusiya dayaqlarını dağıtmaq istəyir.
Məlumdur ki, II Qaregin və digər radikal-revanşist ünsürlər bilavasitə Moskvaya bağlı “proksi” qüvvələrdir. Qonşu Azərbaycan və Türkiyə ilə barışığı yaxına buraxmayan, cəmiyyətdə türkə nifrətin səngiməsini istəməyən destruktiv təbəqədir. Təsadüfi deyil ki, baş katolikosun qardaşının həbs olunmasının bir motivi də onun Rusiya ilə casusluq əlaqələri ilə bağlıdır. Sözsüz ki, katolikos da Rusiyanın adamı və agentidir. Bu da təəccüblü deyil ki, kilsəyə hücumdan ən çox hiddətlənənlər arasında Rusiya və onun rəsmiləri, zatulinlər, solovyovlıar öndə gəlir. Sevinənlərin çevrəsi və ünvanı da bəllidir...
Bu arada Rusiyanın “Nezavisimaya Qazeta” (NG) nəşrinin bu xüsusda yazdığı və irəli sürdüyü versiya da diqqət çəkir. NG-ə görə, Paşinyanın katolikosa hücumuna ABŞ-ın vitse-prezidenti Ceymns Devid Vensin İrəvan səfəri səbəb oldu. “Vaşinqtonla İrəvan arasında strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı cəsarətli çıxışlarına baxmayaraq, səfər Qarabağ ermənilərinin “erməni xristian girovlarını azad edin” şüarları ilə etiraz aksiyası fonunda baş tutub. Bundan əlavə, hazırda həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan məktubunu Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatının (XHİ) vasitəsilə Vensə çatdırmağı bacarıb. Vensin administrasiyası məktubun alındığını təsdiqləyib, lakin heç bir şərh verməyib”, - qəzet məyusluqla qeyd edib.
Nəşr ardınca Paşinyanın ona sadiq ruhanilərin köməyi ilə alternativ katolikos seçkiləri keçirə biləcəyini narahatlıqla vurğulayıb: “Türkiyə mediası hətta potensial namizədin adını da çəkib: Konstantinopolun (İstanbul – red.) erməni patriarxı II Sahak Maşalyan”. Maşalyan Bakı və Ankara ilə sülh tərəfdarı olan mötədil din xadimi kimi tanınır.
Xatırladaq ki, Paşinyan son illər Eçmiadzin kilsəsinin baş keşişi, katolikos II Qareginə qarşı güclü kampaniya aparır. O, baş keşişi subaylıq andını pozmaqda, dinə hörmətsizlikdə, haram işlər görməkdə ittiham edir. Paşinyan bu yaxınlarda onu dünyəvi Ktriç Nersisyan adı ilə çağırıb. Baş nazir bildirib ki, Qaregin II adını da ondan almaq lazımdır. Qaregin ikincinin Azərbaycan və Türkiyəyə qarşı çıxışları, şər-böhtan yağdırması, ərazi iddiası, tarixi faktları təhrif etməsi sirr deyil. O, ermənilərin türklərə qarşı yüz ildən artıqdır apardıqları təbliğata liderlik edir. Ktriç Nersisyan Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına qarşı çıxmaqla yanaşı, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir, saxta, yalan “erməni soyqırımı”nın iddiasının beynəlxalq miqyasda yayılmasına çalışır. Cənubi Qafqazdakı əməkdaşlıq, sülh və normallaşma prosesinə bu düşüncə sistemi zərbə vurur. Onun təbliğ etdiyi fikirlərin isə xülya olduğunu isbatlamağa ehtiyac yoxdur. Ktriç bütün həyatını türk düşmənliyinə həsr etmiş, "qibləsi" şimala olanlardandır.
Bu hadisələr indiyədək təbliğ edilən "ermənilik" ideologiyasının iflasıdır. Çünki bu düşüncə sistemi çar Rusiyasının Şərq geopolitikasının komponentlərindən biri olaraq Qafqaz, xüsusilə Cənubi Qafqaz siyasətinin ideoloji silahı, aləti kimi "Qriqorian kilsəsi"nə ötürülmüş, oradan əlaqələndirilməklə yayılmışdı. Nikol Paşinyan və komandası da yeni Ermənistan qurmaq planını gizlətmir. Həmin layihədə II Qareginə rol yoxdur. Paşinyanın dediyi kimi, "Müqəddəs Eçimədzin" kilsəsinin yenilənməyə ehtiyacı var.
2026-c ilin yayı - parlament seçkilərinə qədər Nikol Paşinyan Eçmiadzindəki problemi həll etməkdə israrlı görünür. Belə qənaətə gəlmək olar ki, o, yenidən seçiləcəyi təqdirdə xeyir-duanı yeni katalikosdan almaq istəyir.
Sevinc Azadi, “İki sahil”