05 mart 2026 19:58
129

İran təəssüf yaşayacaq

ABŞ-nin və İsrailin İrana hücumları, İranın İsrailə və bir-neçə xarici dövlətə hücumları davam edir. Azərbaycan döyüşlərin ilk vaxtlarından bəyan etdi ki, Azərbaycanın ərazisindən İrana heç bir hərbi təhlükə olmayacaq. Bu qətiyyətli bəyanat Azərbaycanın dövlət kimi bitərəfliyinin siyasi ifadəsi idi. Lakin İran İslam Respublikası Azərbaycana qarşı qərəzli informasiya hücum­la­rı­nın davamında mart ayının 5-də günorta saatlarında hərbi cinayət törətdi. Naxçıvan aeroportuna və Babək rayonunun Şəkərabad kənd məktəbinin yaxınlığına Dronla hücum etdi. Bu, nə qonşu­lu­ğa, nə dinc siyasi münasibətlərə, nə də insanlığa sığan deyil. Müdafiə Nazirliyi birmənalı şəkildə bildirdi ki, bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.

Martın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İranın Azərbaycan­dakı səfirliyinə gəlmiş, İranın Ali dini liderinin həlak olmasına görə başsağlığı vermişdi. Bu eh­ti­rama Dron hücumu ilə cavab vermək İran İslam Respublikasının istər diplomatik tələblərə, istərsə də dini tələblərə münasibətinin səviyyəsinin göstəricisidir. Ayın 5-də səhər saatlarında Azərbacana telefon zəngi edən İran İslam Respublika­sının Xarici İşlər Nazirliyinin rəsmisi Livanda qalmış dip­lomatik korpusunun ordan çıxardılmasını xahiş etmişdi. Azərbaycan tam təmənnasız olaraq bu xahişi səmimiyyətlə yerinə yetirdiyi halda, hörmətə görə ehtiram əvəzinə belə bir cinayət törətməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, nankorluqdur, nakişilikdir, bəşəri mövqenin “çeynənməsidir”. Bu hadisəyə görə dünyanın əksər dövlətləri İran İslam Respublikasının cinayətini pislədi.

Azərbaycan Respublikası haqlı olaraq İran İslam Respublikasının qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrar­lan­maması üçün zəruri təxirəsalınmaz tədbirlər görməsini tələb edir.

İran İslam Respublikası bir dövlət kimi Azərbaycana, xalq kimi azərbaycanlılara qarşı düş­mən münasibətindədir. İranda dini rejim azərbaycanlılara divan tutur, onları bütün hüquq­lardan məhrum edib, daim təzyiq altında saxlayıb, azərbaycanlı fəallar təqib olunub, cəzalandırılıb. Belə olan halda İran Azərbaycana dost, qardaş dövlətdirmi?

Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq. Xalq da bunu tələb edir.

Tarixən Azərbaycana hücum edən dövlətlər sonda məğlubiyyət acısı yaşayıb, bu təəssüfü İran da yaşayacaq...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı