Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi sahəsində proseslərin daha səmərəli təşkili və göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə rəqəmsallaşma istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir.
“İki sahil” xəbər verir ki, “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxal və ixrac əməliyyatları ilə bağlı fasiləsiz elektron xidmətlərin göstərilməsi təmin olunur. İdxal olunan məhsullarla bağlı 8, ixrac əməliyyatları üzrə isə 4 növ elektron ərizə forması istifadəyə verilib.
Rəqəmsallaşma tədbirləri nəticəsində idxal-ixrac prosedurlarının bütün əsas mərhələləri elektron müstəviyə keçirilib. Belə ki, sahibkarların müraciətlərinin təqdim edilməsi, müraciətlərin aidiyyəti struktur bölmələr tərəfindən emalı və yekun sənədin təqdim olunması mərhələlərinin hər biri artıq elektron qaydada həyata keçirilir.
Elektron kabinet vasitəsilə sahibkarlar müraciətlərini onlayn qaydada təqdim edə, müraciətlərin icra vəziyyətini real vaxt rejimində izləyə, ödənişlər barədə məlumat əldə edə və ödənişləri elektron şəkildə həyata keçirə bilirlər.
Prosesin yekununda formalaşdırılan sənəd sahibkarın elektron kabinetinə göndərilir və sistem üzərindən qurulmuş avtomatik inteqrasiya vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülür.
Görülən işlər sahibkarlıq subyektləri üçün inzibati yükün azaldılmasına, insan amilinin minimuma endirilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və ümumilikdə qida təhlükəsizliyi sahəsində idarəetmənin müasir tələblərə uyğun şəkildə qurulmasına xidmət edir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən rəqəmsal transformasiya istiqamətində tədbirlərin mərhələli və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.