Mərkəzi Bankının İdarə Heyətinin martın 5-i Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
“İki sahil” xəbər verir ki, Mərkəzi Bankdan bildirilib ki, qeyd olunan razılıq əsasında, “Bank BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, “Bank BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq “Bank BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, “Bank BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və “Bank BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaqdır.
Beləliklə, “Bank BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
“Bank BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0,6 faiz, kredit portfelində 0,9 faiz, sektorun öhdəliklərində isə 0.6 faiz təşkil edir.