19 mart 2026 09:42
84

2024–2025 RFO nəticələri: 95 qızıl, 170 gümüş, 249 bürünc medal

Olimpiada nəticələri şagirdlərin yalnız faktoloji biliklərini deyil, yüksək səviyyəli akademik hazırlığını, fənn üzrə dərinləşmiş marağını və davamlı özünüinkişaf potensialını üzə çıxarır. Bu nəticələr təhsil sistemi üçün istedadlı şagird kontingentinin xəritələndirilməsi, hazırlıq resurslarının daha düzgün istiqamətləndirilməsi, beynəlxalq olimpiadalara namizədlərin seçilməsi və istedadların dəstəklənməsi siyasətinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Məsələn, 2024-cü ildə rayon mərhələsində 57 483, yarımfinalda 12 238, finalda isə 1025 şagird iştirak edib, 491 nəfər qalib olub. 2025-ci ildə isə 95 qızıl, 170 gümüş və 249 bürünc medal təqdim edilib. 

Bunu Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Xüsusi İstedadlı Uşaqlarla İşin Təşkili şöbəsinin müdiri Tural Alışov “İki sahil” qəzetinə müsahibəsində bildirib.

T.Alışov vurğulayıb ki, bu  göstəricilər olimpiada nəticələrinin artıq təkcə fərdi nailiyyət deyil, həm də sistem üzrə keyfiyyət indikatoru kimi istifadə olunduğunu göstərir. Qaliblərin bir hissəsinin beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunması da bu nəticələrin strateji davamlılığını təsdiqləyir.

Yaqut Ağaşahqızı, “İki sahil”