15 aprel 2026 00:18
144

Xəzərin ekoloji problemlərinin həlli üçün yeni layihə

Bu dəniz həm də ona görə zəngindir ki, dünyadakı nərə balıqları ehtiyatının 80 faizi burada cəmləşib

Hazırda Xəzər dənizində ciddi ekoloji problemlər mövcuddur. Buna səbəb isə Xəzər hövzəsində yerləşən ölkələr tərəfindən dənizə axıdılan çirkab və sənaye sularıdır. Bu istiqamətdə müxtəlif statistik göstəricilər də mövcuddur. Ekoloqların araşdırmalarına görə,  həm də dənizin müəyyən ərazilərində aparılan həddindən artıq balıq ovu da biomüxtəlifliyin azalmasına ciddi təsir edən amillərdəndir.

Təbii ki, bu sözügedən ekoloji problemlər qlobal xarakter daşıdığı üçün Dünya Bankı onun həllinə yardım etmək təşəbbüsü ilə çıxış edib. Bank «Xəzər dənizinin ekosisteminin bərpası: çirklənmənin idarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsində potensialın yaradılması» layihəsinə maliyyə yardımını təsdiqləyib. Bu layihəyə Azərbaycanla bərabər, Qazaxıstanla Türkmənistan da qoşulacaq.

Yaxın gələcəkdə Dünya Bankı 8 milyard 240 milyon dollar dəyərində layihəni Direktorlar Şurasının müzakirəsinə çıxarmağı planlaşdırır. Sözügedən layihənin icraedici agenti qismində isə BMT-nin Layihə Xidmətləri İdarəsi çıxış edəcək. Bundan başqa, Qlobal Ekoloji Fond icraedici qurumlar qismində Dünya Bankına və BMT-nin Ətraf Mühit Proqramına 11 milyard 740 milyon ABŞ dolları həcmində qrant ayırıb.

Təbii ki, bu təşəbbüslərin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Türkmənistanın ekoloji potensialını yüksəltməklə  region ölkələrinə çirklənmənin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsində və bioloji müxtəlifliyin qorunmasında kömək etməkdir. Yeri gəlmişkən, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi yüksək endemikliyə (endemiklik yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan, yetişən, dünyanın başqa yerində yaşama, yetişmə ehtimalı olmayan heyvan və ya bitkilərə məzsusdur.  Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi «Qırmızı kitab» da düşürlər) malik unikal ekosistemdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Xəzər dənizi hövzəsində, çaylar da daxil olmaqla, 153 balıq növü var ki, bunların 81-i endemikdir. Eyni zamanda, dünyadakı nərə balıqları ehtiyatının 80 faizi burada cəmləşib. Xəzər suitisi isə dənizin yeganə məməli növüdür.

Azərbaycanda bu problemin daha çox Abşeron yarımadası ilə bağlı olduğu nəzərə alınaraq əsas tədbirlər də məhz sözügedən istiqamətdə həyata keçiriləcək. Eyni zamanda, Bakı şəhərində tullantı sularının idarə olunması ilə bağlı xüsusi Dövlət Proqramı da icra olunur. Məlumdur ki, tullantı, yağış və digər axıntı sularının düzgün idarə olunması bu prosesin mühüm tərkib hissəsidir. Biomüxtəlifliyin qorunmasına gəldikdə isə Azərbaycan, Qazaxıstan və Türkmənistan öz sahillərində dənizin qorunan ərazisini yaradacaqlar. Bu məqsədlə Azərbaycanda Abşeron Milli Parkının ərazisinin genişləndirilməsi nəzərdə tutulur.

Elçin Zaman, «İki sahil»