İnsan davranışlarının formalaşmasında uzun müddət əsas meyar kimi intellekt, bilik və peşə bacarıqları ön planda olub. Lakin gündəlik həyat göstərir ki, yüksək intellekt heç də hər zaman düzgün ünsiyyət, sağlam münasibət və adekvat davranış demək deyil. İnsan müəyyən sahədə nə qədər savadlı və bacarıqlı olsa da, qəzəbini idarə edə bilmirsə, tənqidi qəbul etməkdə çətinlik çəkirsə və ya qarşı tərəfin hisslərini nəzərə almadan reaksiya verirsə, bu üstünlüklər münasibətlərdə və iş həyatında gözlənilən nəticəni verməyə bilər. Məhz bu ziddiyyət emosional zəkanın əhəmiyyətini artırır.
Məsələnin maraqlı tərəfi ondadır ki, emosional zəka insanın emosiyalardan azad olması anlamına gəlmir. Əksinə, insanın emosional olması təbii haldır. Qəzəb, narahatlıq, məyusluq, qorxu və inciklik həyatın müxtəlif mərhələlərində hər kəsin yaşadığı hisslərdir. Burada əsas fərq emosiyanın yaranıb-yaranmamasında deyil, onun insanın davranışına nə qədər hakim olmasındadır. Eyni hadisə qarşısında bir insan düşünmədən sərt reaksiya verə, digəri isə əvvəlcə vəziyyəti qiymətləndirib daha ölçülü davranmağı seçə bilər. Bu fərq yalnız xarakter məsələsi deyil, insanın öz emosiyalarını nə dərəcədə tanıması və idarə edə bilməsi ilə də bağlıdır.
Bu baxımdan emosional zəka müasir həyatın artan psixoloji yükü fonunda daha aktual məsələyə çevrilir. İnsan gün ərzində iş təzyiqi, ailə məsuliyyətləri, sosial münasibətlər, informasiya bolluğu və rəqəmsal ünsiyyətin yaratdığı gərginliklə üzləşir. Belə şəraitdə emosional reaksiyaların idarə olunmaması kiçik bir problemin daha böyük konfliktə çevrilməsinə səbəb ola bilər. Xüsusilə sosial şəbəkələrdə insanların bir-birinin fikirlərinə çox sürətli və emosional reaksiya verməsi bu problemin yeni formalarını ortaya çıxarıb.
Empatiya razılaşmaq demək deyil
Burada emosional zəkanın digər mühüm tərəfi ortaya çıxır. İnsan yalnız öz emosiyalarını idarə etməklə kifayətlənmir, qarşısındakı insanın emosional vəziyyətini də nəzərə almalıdır. Bu isə empatiya ilə bağlıdır. Qarşı tərəfin nə hiss etdiyini anlamaq mütləq onunla razılaşmaq demək deyil. İnsan başqasının mövqeyini qəbul etmədən də onun hisslərinə hörmət göstərə bilər. Eyni zamanda emosional zəka insanın öz sərhədlərini qorumasına da imkan verir. Yəni anlayışlı olmaq hər davranışı qəbul etmək, sakit olmaq isə hər vəziyyətə susmaq demək deyil.
Məsələnin başqa bir tərəfi isə emosional zəkanın dəyişməz xüsusiyyət olmamasıdır. İnsan öz davranışlarını müşahidə etməklə və müəyyən situasiyalarda niyə məhz həmin şəkildə reaksiya verdiyini təhlil etməklə bu bacarığı inkişaf etdirə bilər. Bunun üçün ilk növbədə insanın öz emosiyalarına qarşı dürüst olması lazımdır. Hansı vəziyyətlərdə daha tez əsəbiləşdiyini, hansı sözlərin ona daha çox təsir etdiyini, konflikt zamanı necə davrandığını və sonradan verdiyi reaksiyadan razı qalıb-qalmadığını müəyyənləşdirmək özünü tanıma prosesinin bir hissəsidir.
Bu səbəbdən emosional zəka artıq yalnız psixoloji termin kimi deyil, insanın sosial və peşəkar davranışına təsir edən mühüm bacarıq kimi qiymətləndirilir. Özünü tanıyan, emosiyalarının səbəbini anlayan, qarşı tərəfin mövqeyini nəzərə alan və reaksiyasının nəticələrini düşünən insan həm münasibətlərdə, həm də iş həyatında daha sağlam seçimlər edə bilər.

Əsl sınaq çətin anda başlayır
Mövzu ilə bağlı “İki sahil”ə danışan psixoloq Aytən Ələkbərova bildirdi ki, emosional zəka insanın heç vaxt əsəbiləşməməsi və ya mənfi emosiyalar yaşamaması demək deyil. Onun sözlərinə görə, emosional zəkası yüksək olan insanlar da qəzəblənə, məyus ola və ya inciyə bilərlər. Lakin əsas fərq onların yaşadıqları emosiyaya necə reaksiya verməsində özünü göstərir.
Psixoloq qeyd etdi ki, belə insanlar emosional vəziyyətdən çıxdıqdan sonra öz davranışlarını təhlil etməyə çalışırlar: “Mən niyə bu vəziyyətə düşdüm?”, “Emosiyalarımı niyə idarə edə bilmədim?”, “Bunu növbəti dəfə necə daha düzgün edə bilərəm?” kimi suallar vermək insanın öz emosiyalarını tanımasına və gələcəkdə daha düzgün reaksiya göstərməsinə kömək edir.
A.Ələkbərovanın sözlərinə görə, emosional zəkanın əhəmiyyəti xüsusilə iş mühitində daha aydın görünür. Yaxşı rəhbər yalnız tələb qoyan və ya səsini qaldıran insan deyil: “Əsl lider öz emosiyalarını idarə edə, yaranmış problemi qışqırmadan və qarşı tərəfi alçaltmadan həll edə bilir. Məhz bu, onun emosional zəkasının göstəricilərindən biridir”.
Psixoloq vurğuladı ki, emosional zəka inkişaf etdikcə insan həm öz sərhədlərini daha yaxşı qoruyur, həm də qarşı tərəfin hisslərini daha düzgün anlamağa başlayır. Empatiya qurmaq və müxtəlif situasiyalarda qarşı tərəfin mövqeyini nəzərə almaq münasibətlərin daha sağlam qurulmasına şərait yaradır.
A.Ələkbərova sonda diqqətə çatdırdı ki, emosional zəkanın inkişafı insanın psixoloji dayanıqlığına və intellektual yetkinliyinə də müsbət təsir göstərir. Emosional zəkası yüksək olan insan hadisələrə yalnız hisslərinin təsiri ilə deyil, eyni zamanda düşünərək reaksiya verməyi bacarır. Bu baxımdan belə insanlar emosiyalarını idarə etməkdə çətinlik çəkən şəxslərlə müqayisədə mürəkkəb situasiyalarda daha ölçülü və sağlam qərarlar qəbul edə bilirlər.
Nigar Orucova, "İki sahil"
Hər birimiz gündəlik həyatda su ehtiyatlarından qənaətlə istifadə etməliyik - Sadiq Qurbanovdan ÇAĞIRIŞ
Bakı metrosunun hərəkət xəritəsi dəyişir: Sıxlıq azalacaq, intervallar qısalacaq