17 avqust 2026 15:21
91

“Ümid körpüsü”ndən “Zəngəzur dəhlizi”nə

1992-ci il mayın 28-də günün erkən saatlarından Araz çayının sağ və sol sahilində iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin vətəndaşları böyük coşqu ilə toplaşmışdılar. 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndəsi də bir neçə saat sonra baş verəcək tarixi hadisəni gözləyirdi. Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev bu əraziyə gələcək, iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdıracaq körpünün açılışını edəcəkdilər. Arazın üzərində salınan Sədərək-Dilucu körpüsü həmin gün xalqın yaddaşında “Ümid körpüsü”, “Həsrət körpüsü” kimi qaldı. Çünki həmin dövrdə Naxçıvan ağır blokada şəraitində yaşayırdı. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə əlaqələri faktiki olaraq kəsilmiş, 1992-ci ildə Bakı-Naxçıvan dəmir yolu əlaqəsi də dayanmışdı. Elə mayın 18-də Sədərəyə hücumun baş verməsi Naxçıvanın nə qədər mürəkkəb və təhlükəli şəraitdə olduğunu göstərirdi. Belə bir vəziyyətdə Türkiyə ilə birbaşa quru əlaqəsinin yaradılması Naxçıvan üçün yalnız iqtisadi və sosial məsələ deyildi. Bu, həm də təhlükəsizlik, siyasi iradə və milli həmrəylik məsələsi idi. Ümummilli Lider Heydər Əliyev Naxçıvanın həmin ağır günlərində Türkiyəyə üz tutaraq qardaş ölkənin dəstəyini təmin etməyə çalışırdı. 1992-ci ilin martında Türkiyəyə səfər zamanı əməkdaşlıq protokolunun imzalanması və Sədərək-Dilucu körpüsünün inşasına başlanılması məhz həmin siyasətin nəticəsi idi.

Mayın 28-də isə qısa müddətdə inşa edilmiş körpünün açılışı baş tutdu. Arazın hər iki sahilində toplaşan minlərlə insan üçün bu, sadəcə iki sahili birləşdirən nəqliyyat qurğusu deyildi. O gün insanlar qarşı sahildə özlərinə yaxın olan bir ölkəni, bir xalqı və bir çıxış yolunu görürdülər. Uzun müddət ayrılığın, çətinliyin və qeyri-müəyyənliyin içində yaşayan Naxçıvan üçün körpünün üzərindən keçən hər bir insan, hər bir avtomobil bir az da ümid demək idi. Ulu Öndər Heydər Əliyev sonralar həmin hadisəni xatırlayaraq deyirdi: “Biz bərabər, bir yerdə körpü tikdik – «ümid körpüsü», «həsrət körpüsü» tikdik. O körpü Türkiyə ilə Azərbaycanı birləşdirdi.”

Bu ifadənin arxasında bütöv bir tarixi reallıq dayanır. Çünki həmin körpü Naxçıvana yalnız yol açmadı. O, blokada şəraitində yaşayan insanların ümidini artırdı, Türkiyə ilə iqtisadi, sosial, mədəni və humanitar əlaqələrin genişlənməsinə imkan yaratdı. Naxçıvanın dünyaya açılan mühüm qapılarından birinə çevrildi. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyan bu körpü həm də gələcək nəqliyyat layihələrinin siyasi və mənəvi təməl daşlarından biri oldu.

Bir körpüdən başlayan böyük yol

Bəzən bir yolun əhəmiyyətini onun uzunluğu ilə deyil, insanların həyatında açdığı imkanlarla ölçmək lazımdır. Sədərək-Dilucu körpüsünün tarixini də məhz bu prizmadan oxumaq mümkündür. 1990-cı illərdə əsas məsələ Naxçıvanın Türkiyə ilə bağlantısını təmin etmək idi. O vaxt bu, həyati zərurət sayılırdı. Bu gün isə həmin coğrafiyada tamam başqa miqyasda layihələrdən danışılır. O vaxt Arazın üzərindəki bir körpü Naxçıvanı Türkiyəyə bağladı. Bu gün isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni nəqliyyat xətti regional və beynəlxalq əhəmiyyət daşıyan layihəyə çevrilir. Bu mənada “Ümid körpüsü” ilə “Zəngəzur dəhlizi” arasında yalnız coğrafi deyil, həm də strateji bağlılıq var. Birincisi çətin dövrün çıxış yolu idi, ikincisi isə yeni mərhələnin iqtisadi və geosiyasi imkanlarını formalaşdıracaq bağlantıdır.

1992-ci ildə məqsəd Naxçıvanın təcrid vəziyyətini yumşaltmaq və Türkiyə ilə əlaqəni təmin etmək idisə, bu gün hədəf daha böyükdür: Naxçıvanı Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında formalaşan geniş nəqliyyat sisteminin mühüm halqasına çevirmək. Məhz buna görə “Zəngəzur dəhlizi”nə yalnız Azərbaycanla Naxçıvan arasında yol kimi baxmaq düzgün olmaz. Bu layihə daha geniş coğrafiyanın nəqliyyat xəritəsini dəyişə biləcək imkanlara malikdir. Azərbaycan artıq bunun üçün öz ərazisində böyük hazırlıq işləri görüb. İşğaldan azad edilmiş ərazilərdə Horadiz-Ağbənd avtomobil və dəmir yollarının inşası, yeni magistralların, tunellərin və körpülərin yaradılması ölkənin qərb istiqamətində nəqliyyat imkanlarını genişləndirir. Bu xəttin regional nəqliyyat sisteminə inteqrasiyası isə Orta Dəhlizin yeni qolunun formalaşmasına imkan verə bilər.

“Zəngəzur dəhlizi”: Naxçıvana gedən yoldan daha böyük layihə

“Zəngəzur dəhlizi” ideyasının əsas mahiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasıdır. Lakin layihənin əhəmiyyəti bununla bitmir. Marşrut reallaşdıqda Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat xəttinin alternativ istiqamətlərindən birinə çevriləcək. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi, Azərbaycan, Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxması üçün yeni imkan yaranacaq.

Beləliklə, Naxçıvan bir vaxtlar Azərbaycanın əsas hissəsindən təcrid olunmuş coğrafi ərazi kimi böyük çətinliklərlə üzləşirdisə, gələcəkdə Şərqlə Qərb arasında yük və sərnişin axınlarının keçdiyi mühüm tranzit məkanlardan birinə çevriləcək. Bu baxımdan “Zəngəzur dəhlizi” Naxçıvan üçün yalnız “Bakıdan Naxçıvana yol” deyil. Bu, muxtar respublikanın iqtisadi coğrafiyasının dəyişməsi deməkdir. Dəmir yolu və avtomobil yolunun bərpası ilə yanaşı, logistika mərkəzlərinin, anbar komplekslərinin, gömrük və xidmət infrastrukturlarının, sənaye müəssisələrinin və yeni investisiya layihələrinin inkişafı üçün imkanlar yaranacaq. Nəqliyyatın artması isə xidmət sektorundan turizmə, ticarətdən sənayeyə qədər müxtəlif sahələrə təsir göstərəcək.

Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bu məsələyə toxunaraq bildirdi ki, “Zəngəzur dəhlizi” təkcə nəqliyyat infrastrukturu deyil, buradan enerji xətləri də keçə bilər. Başqa sözlə, söhbət yalnız yolun çəkilməsindən getmir. Bu xəttin üzərində yeni iqtisadi imkanların formalaşmasından gedir.

Prezident İlham Əliyev Naxçıvana son səfəri zamanı bu məsələyə məhz strateji baxımdan yanaşdı, Azərbaycan Televiziyasına müsahibəsində “Zəngəzur dəhlizi”nin yaradılmasının Azərbaycanın təşəbbüsü olduğunu vurğulayan dövlət başçısı Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməyin çoxdankı arzu olduğunu bildirdi və qeyd etdi: “Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.”

Bu fikir prosesin artıq hansı mərhələyə gəlib çatdığını göstərir, söhbət yalnız gələcəkdə həyata keçirilməsi planlaşdırılan ideyadan getmir. Azərbaycan öz ərazisində infrastrukturun qurulması istiqamətində mühüm işlər həyata keçirir, Türkiyə tərəfində də Dilucu-Qars dəmir yolu layihəsinin icrasına başlanılıb.

Azərbaycan Prezidentinin 2026-cı ilin aprelində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları ilə görüşdə verdiyi məlumata görə, “Zəngəzur dəhlizi”nin Azərbaycan ərazisində avtomobil yolunun təxminən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazır vəziyyətdədir. Dövlət başçısı Türkiyədə Qars-Naxçıvan dəmir yolunun tikintisinə başlanıldığını da qeyd edib. Bu göstəricilər layihənin artıq yalnız siyasi müzakirə mövzusu olmadığını, real infrastruktur mərhələsinə keçdiyini göstərir.

Yeni mərhələ: Naxçıvan beynəlxalq nəqliyyat habına çevrilir

Prezident İlham Əliyev daha əvvəl də bildirmişdi ki, “Zəngəzur dəhlizi” yalnız Azərbaycan-Naxçıvan əlaqəsi deyil, həm də beynəlxalq nəqliyyat dəhlizi olacaq. Azərbaycanın əsas hissəsindən Naxçıvana qədər bağlantının yaradılması birinci mərhələdə milli ehtiyacı qarşılayırsa, həmin xəttin Türkiyənin Qars istiqamətindəki dəmir yolu ilə birləşməsi regional bağlantı yaradır. Orta Dəhlizlə inteqrasiya isə bu marşrutu daha geniş beynəlxalq nəqliyyat sisteminin bir hissəsinə çevirəcək. Beləliklə, xəritədə ardıcıllıq belə görünür: Çin – Mərkəzi Asiya – Xəzər – Azərbaycan – Zəngəzur – Naxçıvan – Türkiyə – Avropa. Bu xəttin əhəmiyyəti yalnız məsafənin qısalmasında deyil. Müasir dünyada alternativ nəqliyyat marşrutlarının mövcudluğu dövlətlər üçün iqtisadi təhlükəsizlik, təchizat zəncirlərinin dayanıqlılığı və tranzit rəqabəti baxımından mühüm üstünlükdür.

Prezident İlham Əliyev də bu məqamı vurğulayaraq Azərbaycanın Qərbə doğru ikinci dəmir yolu marşrutuna sahib olmasının rəqabətqabiliyyətlilik və tranzit imkanları baxımından əhəmiyyətini qeyd edib.

Naxçıvan artıq təkcə keçid məkanı olmayacaq

“Zəngəzur dəhlizi”nin reallaşması Naxçıvanı yalnız tranzit yolun üzərində yerləşən əraziyə çevirmir. Burda əsas məqsəd tranzit imkanlarından muxtar respublikanın öz iqtisadi inkişafı üçün istifadə olunmasıdır. Naxçıvanda artıq bunun ilkin konturları görünür. 11 avqust 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə ölkəmizdə sayca 9-cu olan Naxçıvan Sənaye Parkının təməli qoyuldu, 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması planlaşdırılır, yeni Günəş elektrik stansiyaları ilə bağlı məsələlər gündəmdə saxlanıldı. Prezident müsahibəsində Naxçıvanın enerji potensialının gələcəkdə ixrac imkanlarına çevriləcəyini də vurğuladı. Bu, çox mühüm dəyişiklikdir. Bir vaxtlar Naxçıvanın əsas problemlərindən biri enerji, ərzaq və digər zəruri məhsulların təminatında yaranan çətinliklər idisə, indi qarşıya qoyulan məqsəd muxtar respublikanı enerji istehsal və ixrac edən, sənaye və logistika imkanlarını genişləndirən, investisiya cəlbediciliyi artan iqtisadi məkana çevirməkdir. Bu dəyişiklik yalnız xəritədə yeni bir xəttin çəkilməsi ilə ölçülməyəcək. Bunun arxasında yeni iş yerləri, müəssisələr, artan ticarət dövriyyəsi, daha sürətli yükdaşımalar və ən əsası, Naxçıvan insanının qarşısında genişlənən imkanlar dayanır. Yəni bu yolun əsl nəticəsi asfalt və relslə deyil, insanların həyatında yaradacağı dəyişikliklərlə ölçüləcək. Bu mənada “Ümid körpüsü” ilə başlayan yolun məntiqi davamı artıq daha geniş miqyasda görünür.

“Ümid”dən strateji zərurətə

1992-ci ildə Arazın üzərində qurulan “Ümid körpüsü” Naxçıvanın ən çətin günlərində dünyaya açılan mühüm qapılarından biri oldu. Bu gün qarşıda duran vəzifə artıq yalnız blokadanın yaratdığı məhdudiyyətləri aradan qaldırmaq deyil. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqəsinin bərpası, Türkiyə ilə nəqliyyat bağlantılarının genişləndirilməsi və Naxçıvanın beynəlxalq logistika sisteminə daha fəal şəkildə qoşulması yeni inkişaf mərhələsinin əsas istiqamətlərindəndir. Bu baxımdan “Zəngəzur dəhlizi” “Ümid körpüsü”nün sadəcə coğrafi davamı deyil. O, 1992-ci ildə yaranmış bir zərurətin bu gün daha böyük regional və beynəlxalq layihəyə çevrilməsinin ifadəsidir. Prezident İlham Əliyevin Naxçıvana son səfəri zamanı həyata keçirilən layihələr və səsləndirdiyi fikirlər də göstərir ki, proses yalnız nəqliyyat məsələsi kimi nəzərdən keçirilmir. Enerji, sənaye, logistika və infrastruktur sahələrində həyata keçirilən layihələr bir-birini tamamlayır və Naxçıvanın gələcək iqtisadi modelinin formalaşdırılmasına xidmət edir.

Fikrimcə, əgər “Ümid körpüsü” Naxçıvan üçün çətin dövrdən çıxışın başlanğıcı idisə, “Zəngəzur dəhlizi” onun qarşısında yeni iqtisadi və nəqliyyat imkanları açan mərhələdir. Bir vaxtlar Naxçıvanın dünyaya açılan qapısı Arazın üzərindəki bir körpü idi. O körpüdən keçən insanlar üçün yol Türkiyəyə, əslində isə ümidə gedirdi. Bu gün isə qarşıda daha böyük bir yol görünür. O yol Naxçıvanı Azərbaycanın əsas hissəsi, Türkiyə və daha geniş coğrafiya ilə birləşdirəcək. “Ümid körpüsü” bir vaxtlar Naxçıvanın çətinlikdən çıxışına açılan qapı idisə, “Zəngəzur dəhlizi” onun gələcəyə açılan yolu olacaq.

Bəlkə də bu iki layihəni birləşdirən ən mühüm məqam məhz budur: biri Naxçıvanın ən çətin günlərində ümid yaratdı, digəri isə qarşısında yeni imkanlar açır. Naxçıvan üçün yeni mərhələ də məhz burada başlayır: bir vaxtlar dünyaya açılmaq üçün körpüyə ehtiyac duyan Naxçıvanın, indi regionu birləşdirən mühüm nəqliyyat və iqtisadi qovşaqlardan birinə çevrilməsi.

Nicat Quliyev,
Naxçıvan Televiziyasının baş redaktoru