Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) 2026-cı ilin birinci yarısı ərzində gözlənilib.
“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Sənədə görə, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib. 2027-ci il yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4 milyard 833 milyon dollar, daxili dövlət borcunun isə 19 milyard 387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Gələn il yanvarın 1-nə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
2027-ci il yanvarın 1-nə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51 faizi 5 ilədək, 49 faizi isə 5 il və daha artıq istiqrazların payına düşməsi gözlənilir.