29 sentyabr 2026 11:23
100

Voleybol üzrə milli komandaların baş məşqçisi vəzifəsinə təyinat olub

Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının baş məşqçisi vəzifəsinə türkiyəli mütəxəssis Gökhan Edman təyin olunub.

Gökhan Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət milli komandası 2011–2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə Dünya çempionatını 5-ci pillədə başa vurub. O, həmçinin müxtəlif illərdə Türkiyənin A milli, A2, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və "Spring Cup" turnirində bir neçə dəfə titullar qazanıb.

Klub karyerasında "Eczacıbaşı", "Galatasaray", "Vakıfbank Güneş Sigorta" və "Sarıyer Belediyespor" komandalarında baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis, 1998–1999-cu illər mövsümündə "Eczacıbaşı" ilə AvropaKonfederasiya Kubokunun (CEV Cup) çempionu olub, 1999–2000-ci illərdə Avropa Çempionlar Liqasında 3-cü yeri tutub. "Galatasaray" klubu ilə də Avropa Konfederasiya Kubokunda bürünc medal qazanan Edman "Eczacıbaşı" A qadın komandası ilə iki dəfə Türkiyə çempionluğuna yüksəlib.

Marmara Universitetinin məzunu olan Edman uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib, Mini Voleybol və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü olub.