05 oktyabr 2026 22:38
90

Şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində görüş keçirilib

Oktyabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Komitədən bildirilib ki, görüşdə cari il ərzində ali məktəblərə qəbul olmuş şəhid xanımları və şəhid anaları iştirak ediblər. Tədbir proqram haqqında hazırlanmış filmin nümayişi ilə başlayıb. Çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev layihənin əhəmiyyətini yüksək qiymətləndirib. O, qadınların və gənc qızların təhsilinə, inkişafına yönəlmiş müxtəlif layihələrdə iştirak etdiklərini bildirərək, şəhid xanımlarının təhsilinə dəstək məqsədi daşıyan bu təşəbbüsün xüsusi mənəvi və sosial əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin artıq üçüncü dəfə həyata keçirildiyini qeyd edib. O, proqram çərçivəsində məzunların yetişməsini, iştirakçıların qazandıqları bilik və bacarıqların onların gələcək fəaliyyətinə töhfə verməsini mühüm amil kimi qiymətləndirib. Komitə sədri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə dövlət və cəmiyyət tərəfindən göstərilən diqqət və qayğının əsas vəzifələrdən biri olduğunu bildirib. O, şəhid xanımlarının təhsil imkanlarının genişləndirilməsinin, potensiallarının reallaşdırılmasının və ictimai həyatda fəal iştirakının dəstəklənməsinin vacibliyini vurğulayıb. O, növbəti mərhələdə şəhid xanımlarının məzunlar şəbəkəsinin yaradılması, Liderlik Məktəbinin təsis edilməsi, İKT və rəqəmsal bacarıqların inkişafına yönəlmiş proqramların həyata keçirilməsi, eləcə də “Vətənpərvərlik səfirləri” proqramının yaradılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, müxtəlif sahələrdə təhsil alan və çalışan şəhid xanımlarının gələcəkdə mentor kimi fəaliyyət göstərərək təcrübələrini digər iştirakçılarla bölüşməsi də layihənin əsas istiqamətlərindən olacaq. Bahar Muradova bildirib ki, hazırkı layihə çərçivəsində 19 şəhid xanımı və 2 şəhid anası olmaqla, ümumilikdə 21 nəfər ali təhsil almaq imkanı əldə edib.

“Zəfər” təşkilatının rəhbəri Sevinc Alızadə şəhid ailələrinin bir araya gətirilməsi və onların ictimai həyatda fəallığının artırılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq qadınların yanında olmağa davam edəcəklərini bildirən Sevinc Alızadə, xüsusilə təhsili uğurla başa vuran qadınların işlə təmin olunmasının vacibliyini vurğulayıb.

Daha sonra proqram iştirakçıları çıxış edərək təəssüratlarını bölüşüblər. Onlar təhsil almağın və bilik-bacarıqlarını inkişaf etdirməyin həm şəxsi inkişafları, həm də övladlarının gələcəyi baxımından əhəmiyyətini qeyd ediblər. Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından, şəhidlərimizin əmanət qoyduğu övladların dövlətin diqqət və qayğısı ilə əhatə olunmasından və onların gələcəyinin əmin əllərdə olmasından danışılıb.

Sonda “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində ali məktəblərə qəbul olmuş şəhid xanımlarına və şəhid analarına sertifikat və hədiyyələr təqdim olunub.