24 oktyabr 2026 00:03
55

ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq

ABŞ Energetika Nazirliyi Luiziana ştatındakı "Phillips 66" neft emalı zavoduna tədarükdəki fasilələrin aradan qaldırılması üçün strateji ehtiyatdan 400 min barelə qədər neftin ayrılmasına icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, neft dərhal tədarük edilməsi üçün Luizianadakı "West Hackberry" strateji anbarından "Lake Charles" zavoduna veriləcək.

Xammalın ötürülməsi mübadilə şərtləri əsasında həyata keçiriləcək. "Phillips 66" şirkəti aldığı nefti əlavə əmsalla qaytarmalıdır ki, bu da vergi ödəyiciləri üçün əlavə xərclər olmadan strateji ehtiyatı yenidən doldurmağa imkan verəcək.

ABŞ energetika nazirinin müavini Kayl Haustvayt bildirib ki, bu tədbir neft emalı zavodunun işini dəstəkləməyə, yanacaq tədarükünün sabitliyini təmin etməyə və xammal çatdırılmasındakı müvəqqəti fasilələrin fəsadlarını yumşaltmağa imkan verəcək.