23 oktyabr 2026 23:42
92

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir.

“İki sahil” "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Biz hazırıq. Bazanın yerləşdirilməsi üçün yerlərimiz müəyyən edilib, infrastruktur qurmağa və maliyyə cəlb etməyə hazırıq. Bu, böyük, lakin çox sərfəli investisiyadır. Söhbət bir neçə milyarddan gedir. Daha dəqiq desək, yəqin ki, təxminən 15 milyard zlotı", - nazir söyləyib.

Onun sözlərinə görə, daimi ABŞ bazasının yaradılması təkcə hərbi obyektlərin deyil, həm də yaşayış və sosial infrastrukturun tikintisini tələb edəcək.

Bazada təxminən 5 min Amerika hərbi qulluqçusunun daimi olaraq yerləşdirilməsi nəzərdə tutulur. Onların ailə üzvləri və xidmət personalı nəzərə alınmaqla, təxminən 25 min nəfərin yaşaması üçün şəraitin təmin edilməsi lazım gələcək.

Polşa Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, Varşava hazırlıq işlərini başa çatdırıb və hazırda Vaşinqtonun qərarını gözləyir.

Müvafiq sənədlərin noyabrda Pentaqona göndərilməsi planlaşdırılır, ABŞ administrasiyasının yekun qərarı isə dekabrda verməsi gözlənilir.