23 oktyabr 2026 23:49
96

Fransada etiraz aksiyaları: LDH BMT-dən müşahidə missiyası, RSF isə jurnalistlərin müdafiəsini tələb edir

Fransada İnsan Hüquqları Liqası (LDH) BMT-ni ölkədə keçirilən etiraz aksiyalarını müşahidə etmək üçün missiya göndərməyə çağırıb. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) isə etirazların yeni dalğası başlayandan bəri zorakılığa məruz qalan və ya peşə fəaliyyətinə maneə yaradılan təxminən 30 jurnalistin qeydə alındığını bildirib.

“İki sahil” xəbər verir ki, LDH yaydığı bəyanatda BMT-nin Uşaq Hüquqları Komitəsinə müraciət etdiyini, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını Fransaya müşahidə missiyası göndərməyə çağırdığını açıqlayıb.

Təşkilatın məlumatına görə, Fransanın daxili işlər naziri oktyabrın 24-də “Sentinelle” əməliyyatı çərçivəsində 500 hərbçinin, eləcə də BRI, RAID və GIGN xüsusi bölmələrinin yerləşdiriləcəyini elan edib. LDH bu bölmələrin etiraz aksiyaları zamanı ictimai asayişin qorunması üzrə ixtisaslaşmadığını vurğulayıb.

Təşkilat, həmçinin “qeyri-öldürücü” adlandırılan silahların ağır xəsarətlərə səbəb olduğunu və hökumətin şagirdlərin, tələbələrin və sosial hərəkatların tələblərinə siyasi cavab vermədiyini bildirib. LDH hökuməti gərginliyin azaldılmasına yönəlmiş siyasi tədbirlər görməyə çağıraraq, ordunun öz əhalisinə qarşı istifadə edilməsinin yolverilməz olduğunu qeyd edib.

RSF-nin məlumatına görə, jurnalistlərə qarşı zorakılıq, onların peşə fəaliyyətinə maneələrin yaradılması, habelə avadanlıqlarının zədələnməsi və ya müsadirə olunması halları qeydə alınıb. Bu insidentlərin yarıdan çoxu oktyabrın 17-də Nant, Qrenobl, Paris, Lion və Marsel də daxil olmaqla, bir sıra şəhərlərdə baş verib. Təşkilatın bildirdiyinə görə, hadisələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları, etirazçılar və digər şəxslər iştirak ediblər.

RSF rezin güllələrdən və səs-küylü qumbaralardan istifadəni, döyülmə və təhdid hallarını pisləyib. Təşkilat bildirib ki, jurnalistlərin məlumat yaymaq hüququna mane olan bu cür hərəkətlər polis fəaliyyətindəki problemləri və mediaya qarşı artan düşmənçiliyi əks etdirir.

“Jurnalistlər hədəf deyil. Nə inamsızlıq, nə də qəzəb zorakılığa və ya onların işinə mane olmaq cəhdlərinə haqq qazandıra bilməz”, – deyə RSF-nin Fransadakı ofisinin rəhbəri Lor Şovel bildirib.

Təşkilat hakimiyyət orqanlarını insidentləri araşdırmağa, məsul şəxsləri müəyyənləşdirərək cəzalandırmağa və jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.

LDH, həmçinin şagird və tələbə hərəkatlarına, eləcə də noyabrın 5-də tətilə çağıran həmkarlar ittifaqlarına dəstəyini ifadə edib.