22 fevral 2017 22:19
529

SOCAR-da Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib

Fevralın 22-də SOCAR-ın Baş ofisində Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn Yaponiya nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Qonaqları səmimi salamlayan SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov yapon şirkətlərinin Azərbaycanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərmələrindən, Azərbaycan şirkətləri ilə birgə layihələr üzrə qazanılan uğurlardan danışmış, qeyd etmişdir ki, yapon şirkətləri ölkəmizin neft-qaz sektorunda ən etibarlı tərəfdaşlardandır. 1996-cı ildə ITOCHU şirkətinin “Əsrin Müqaviləsi”nə qoşulduğunu və artıq 20 ildir ki, SOCAR ilə uğurlu əməkdaşlıq etdiyini xatırladan Y. Lətifov Azərbaycanda neft-qazçıxarmanın zəngin və qədim tarixindən söz açmış, dünya neft sənayesi tarixinə Azərbaycan neftçilərinin verdiyi töhfələrdən danışmışdır. O, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində əldə onunan nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat vermişdir. 

Səmimi qəbula görə təşəkkürünü bildirən yapon nümayəndə heyətinin rəhbəri, ITOCHU korporasiyasının vitse-prezidenti Yoiçi Kobayaşi SOCAR-da olmaqdan hər zaman böyük məmnunluq duyduğunu söyləmişdir. O qeyd etmişdir ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur və bu baxımdan, hazırki səfər və keçirilən görüşlər olduqca simvolikdir. Azərbaycanın coğrafi mövqeyinin əlverişli olduğunu və bunun yeni bir enerji xabı olaraq ölkəmizin əhəmiyyətini artırdığını vurğulayan cənab Kobayaşi bildirmişdir ki, yapon şirkətləri SOCAR-ın həyata keçirdiyi layihələrə həmişə diqqət yetirir, istər neft-qaz hasilatı, istərsə də emal, treydinq və digər istiqamətlərdə əməkdaşlığın genişləndirməsinə böyük maraq göstərirlər. 

Daha sonra o, görüşdə iştirak edən Yaponiya nümayəndə heyətinin geniş tərkibini təqdim etmişdir. Sumitomo Corporation LLC, Mitsubishi Corporation, Panasonic Marketing CIS Oy və digər şirkətlərin rəhbərləri təmsil etdikləri qurumların Azərbaycanla əlaqələrindən danışmış, SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləmişlər. 

SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, David Məmmədov, Yaşar Lətifov, Bəhram Hüseynov, Sərmayələr İdarəsinin rəis müavini Davud Yaqubov, İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Rəşid Hüseynov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov və başqaları qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirmiş, onların suallarını cavablandırmışlar. 

Tədbirin sonunda SOCAR və ITOCHU Oil Exploration Co. Ltd. şirkəti arasında elmi-texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.