23 fevral 2017 23:42
264

Kolumbiyada ehtiyatlar azalır

Kolumbiyanın “Ecopetrol” dövlət şirkəti təsdiq olunmuş ehtiyatlarının ötən illə müqayisədə 14 % azaldığını açıqlayıb. Ümumiyyətlə, son üç il ərzində şirkətin ehtiyatları ilə yanaşı, neft yataqlarına qoyulan sərmayələr də azalıb.

Kolumbiyanın ehtiyatlarının yarısından çoxu emalı və nəqli daha çətin olan ağır neft ehtiyatlarıdır, məhz bu səbəbdən qonşu ölkələr Peru, Meksika və Argentina ilə müqayisədə bu ölkə özünə daha az sərmayə cəlb edə bilir. Neft sektorunun təhlükəsizliyi isə Kolumbiyanın digər bir problemidir. 2016-cı ildə bu barədə müqavilə imzalansa da, müxtəlif qruplar arasında neft sənayesi üzərində qarşıdurmalar səngiməyib. Neft kəmərləri tez-tez bombalanır, bu da sərmayəçiləri Kolumbiyadan uzaq salır.

“Ecopetrol” 2017-ci ildən rezervlərini bərpa etmək və möhkəmlənmək üçün müxtəlif tədbirlər və pilot layihələr həyata keçirməyi nəzərdə tutub. Şirkətin cari il üçün nəzərdə tutduğu kəşfiyyat xərcləri ötən illə müqayisədə iki dəfə yüksək, 650 milyon dollar həcmində müəyyənləşdirilib.

Son zamanlar “Ecopetrol” xüsusilə ofşor ərazilərdə qaz kəşfiyyatına diqqəti artırıb. 2017-ci ildə qazılması planlaşdırılan on altı quyudan beşi ofşor qaz quyusudur. “Orco” və “Kronos” yataqlarında qiymətləndirmə quyularının qazma işləri davam etdirilsə də, hələ ki kommersiya cəhətdən əhəmiyyətli ehtiyat əldə edilməyib.

“Ecopetrol”un əsas məqsədi 2020-ci ilə qədər hasilat göstəricilərini 600 milyon barel artırmaqdan ibarətdir.

Nubar Süleymanova, “İki sahil”