27 fevral 2017 14:57
323

ABŞ-da neft kəməri etirazlara səbəb oldu

Uzun müddətdir ki, mübahisələrə səbəb olan Şimali Dakota neft kəməri layihəsinin reallaşmasının qarşısını almaq istəyən 10 nəfər etirazçı ABŞ polisi tərəfindən həbs edilib.

Şimali Dakota ştatının qubernatoru boru xəttinin keçəcəyi federal ərazidə uzun zamandır ki, oturaq aksiyaları davam etdirən yerli Standing Sioux qəbiləsinin nümayəndələrini qısa bir zamanda ərazini tərk etməyə çağırıb. Bu çağırışdan sonra bir çox etirazçılar münaqişələrin mərkəzi hesab olunan mübahisəli ərazidə qurduqları çadır və sığınacaqlara od vuraraq ərazini tərk ediblər.

Düşərgələri tərk etməməkdə israrlı olan azsaylı etirazçılar isə polisin müdaxiləsi ilə üzləşib. Səlahiyyətli şəxslər polislə etirazçılar arasında baş verən münaqişədə 10 nəfərin həbs olunduğunu və 50-yə yaxın ABŞ vətəndaşının hələ də etirazı davam etdirdiyini bildirirlər. Şimali Dakota ştatının qubernatoru Doug Burgum etirazçıların çadır və sığınacaqlara od vurduğu zaman 17 yaşlı bir qızın ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyini bildirib. Həmçinin qubernator 7 yaşlı bir uşağın da yüngül dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyinə diqqət çəkib.

Xatırladaq ki, təxminən 3,7 milyard dollar dəyərində qiymətləndirilən və 4 ştatdan keçməsi planlanan Şimali Dakota boru xətti layihəsi ABŞ-da uzun müddətdir müzakirə mövzusu olaraq qalmaqdadır. Bakken bölgəsindən çıxarılan nefti Cənubi Dakota və Ayova ştatlarının ərazisindən keçməklə İllinoys ştatına ötürməli olan Şimali Dakota boru xətti ətrafında 2016-cı ilin avqustundan bəri söz-söhbətlər tükənmək bilmir. Ştatın yerli Standing Sioux hindu qəbiləsinin nümayəndələri sözügedən ərazidə müqəddəs hesab etdikləri məzar və dini abidələrin olduğunu əsas gətirərək uzun müddət davam edən etiraz aksiyalarına başlamışdılar.

ABŞ-ın sabiq prezidenti Barak Obama etirazların kütləviləşməsi səbəbi ilə dekabrın əvvəlində layihənin icrasını bir müddətlik təxirə salmışdı və etirazçılar oturaq aksiyasını dayandırmışdılar. Lakin Donald Trampın inaqurasiya mərasimindən sonra ABŞ dövləti yenidən dondurulmuş layihənin icrasına başladı. Bundan sonra hindu qəbilələri yenidən əraziyə qayıdaraq oturaq aksiyalarını davam etdirirlər.

Həmidağa Məcidov, “İki sahil”