27 fevral 2017 15:28
306

NEZ-in yenidənqurulması layihəsi çərçivəsində “sıfır zərər” günü qeyd edilib

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsi çərçivəsində “sıfır zərər” (Zero Harm) günü qeyd edilmişdir.

Layihənin PMC şirkəti “SOCAR-KBR”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə SOCAR-ın vitse-prezidentləri, zavod rəhbərliyi və yenidənqurma layihəsinə cəlb edilmiş mütəxəssislər iştirak etmişlər. Bildirilmişdir ki, zavodun yenidənqurması işlərini vahid mərkəzdən idarə etmək üçün SOCAR, H.Əliyev adına NEZ, SOCAR-KBR və KBR mütəxəssislərindən ibarət yaradılmış İnteqrasiya olunmuş İdarəetmə Komandası (Birgə Layihə Qrupu) tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə xüsusi önəm verilir. Tətbiq edilən “sıfır zərər” fəlsəfəsinin əsas məqsədi məhz təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasıdır. Birgə Layihə Qrupunun fəaliyyətə başladığı gündən indiyədək ümumilikdə 450 000 adam/saat sərf edilmiş, bu müddət ərzində istehsalatın təhlükəsizliyi şəraitinə tam əməl olunmuşdur. 

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov tədbirdə çıxış edərək “sıfır zərər” fəlsəfəsinin ilk gündən dəstəkləndiyini vurğulamış, kollektivə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, yenidənqurma layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əlieyev cənablarının iştirakı ilə NEZ-də Yeni Bitum Qurğusunun təməli atılmış, Bitum qurğusu üzrə Detallı Layihələndirmə, Satınalma və Tikintiyə Nəzarət müqaviləsi imzalanmış və işlərə start verilmişdir. Amec-Foster Viler/SOCAR-Foster Viler (AFV/SFV) şirkətləri ilə NEZ-in yenidənqurması üzrə İlkin Detallı Layihələndirmə (FEED) işləri yekunlaşmaq üzrədir. UOP, Axens, Poerner, Air Liquide, KT-Kinetics Technology şirkətləri ilə Layihələndirmə, Lisenziya və Zəmanət müqavilələri imzalanmış və müvafiq layihələndirmə işləri yekunlaşmışdır. Zavodun yeni baş planı hazırlanaraq razılaşdırılmışdır. Eyni zamanda, 2016-cı ilin avqust ayında zavodda mühüm təftiş, təmir və digər hazırlıq işləri həyata keçirilmişdir. 

Tədbirin sonunda “sıfır zərər” fəlsəfəsinin tətbiqində fəallıq göstərmiş mütəxəssislər mükafatlandırılmışdır.