Akif Əhmədov: “Neft Daşlarında çalışan insanlar yeməkxanalarda təmizlik və yeməklərin keyfiyyətindən razılıqlarını bildirirlər”
Azərbaycanın neft sənayesinin inkişafında mühüm rolu olan Neft Daşlarında çalışan neftçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində hər zaman mühüm tədbirlər həyata keçirilir. SOCAR rəhbərliyinin tapşırıqları, “Azneft” İstehsalat Birliyinin diqqəti sayəsində burada çalışan fədakar insanlar demək olar ki, hər cür qayğı ilə əhatə olunublar.
Qeyd edək ki, milli sərvətimiz olan “qara qızıl”ın hasil edilməsində “Neft Daşları” NQÇİ-nin rolu əvəzolunmazdır. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, “Neft Daşları” NQÇİ-də 2016-cı ildə neft hasilatı 1000002 ton olub ki, bu da planda nəzərdə tutulandan 32702 ton, kecən ilin müvafiq dövründən isə 58497 ton çoxdur. Orta gündəlik hasilat 2732 tona çatdırılıb. İstismar quyularının fondunda 485, fəaliyyətdə 457 quyu, fəaliyyəysiz fondda 26 quyu var, 15 quyu isə fəaliyyətsiz fonddan istismar fonduna qaytarılıb, 18 təzə quyu alınıb. Bu dövr ərzində 66500 min kubmetr qaz, 154288 min kv.s elektrik enerjisi istehsal edilib.
“Neft Daşları” NQÇİ-də gündəlik gücü 500 m3/gün olan ƏKS-OSMOS qurğusunda şirinləşdirilmiş dəniz suyu QTES-də qızdırıldıqdan sonra gün ərzində yataqxana korpuslarına verilir. 2016-ci il ərzində 50-yə qədər estakadayanı meydançalarda, özüllərdə, müxtəlif sahələrdə əsaslı və cari təmir işləri aparılıb. Bir çox sahələrdə ölçü-diaqnostik tədqiqat işləri görülüb, istehsalat üçün zəruri hesab olunan hissələrin təmiri planlaşdırılıb, layihə tapşırıqları hazırlanıb və bir qismi təmir olunaraq istismara buraxılıb.
“Neft Daşları” NQÇİ-nin Sosial inkişaf şöbəsinin rəisi Əhməd Musayevin sözlərinə görə, 2016-cı il ərzində “Neft Daşları” NQÇİ-nin sosial sahələrində xeyli işlər görülüb. Qəsəbədə abadlıq işləri aparılıb, neftçilər işdən sonrakı vaxtlarını səmərəli keçirilmələri üçün ağac və gül kolları əkilmiş geniş park, çay evi, idman zalı və digər sosial obyektlər əməkçilərin istifadəsindədir. İnsanların müntəzəm olaraq içməli su ilə eləcə də yataqxana korpusları daimi olaraq bütün kommunal şəraitlə təmin olunurlar. Sahələrdə və yataqxana korpuslarında olan işləməyən məişət cihazlarının (soyuducu, kondisioner və televizor) davamlı olaraq təmiri aparılır. Mütamadi olaraq sahələr və yataqxana korpuslarında dezinfeksiya və deratizasiya işləri görülür.
Qeyd edək ki, dəniz neftçilərinin normal şəkildə qidalanması da hər zaman diqqət yetirilən məsələlərdəndir. Belə ki, Neft Daşlarında 4 yeməkxana fəaliyyət göstərir. Bu yeməkxanalarda eyni vaxtda 1500-ə yaxın insan yemək yeyir. “Xəzər iaşə” MMC-nin Neft Daşları üzrə 1 saylı yeməkxanasının müdiri Akif Əhmədov qeyd etdi ki, neftçilərin keyfiyyətli şəkildə qidalanması üçün lazım olan bütün tədbirlər görülür: “Yeməkxanalara gətirilən qidalar ciddi yoxlamadan keçir. Bununla bağlı yaradılan komissiya gündəlik ərzaqların, yeməklərin keyfiyyətini yoxlayır, rəy bildirir. Əsas şərt isə yüksək keyfiyyətdir. Yeməkxanalarımızda şikayət və təkliflər üçün jurnallar var. Hər bir insan öz şikayət və təkliflərini bu jurnallarda qeyd edə bilər. Jurnallar tez-tez nəzərdən keçirilir, haqlı şikayət və təkliflər araşdırılır, tədbir görülür. Buna görə də Neft Daşlarında çalışan insanlar yeməkxanalarda təmizlik və yeməklərin keyfiyyətindən razılıqlarını bildirirlər.”
A.Əhmədovun sözlərinə görə, Neft Daşlarına un və ərzaq məhsulları Pirallahı adasından gəmilər vasitəsi ilə gətirilir: “Ət və ət məhsulları, tez xarab olan ərzaq məhsulları gəmiyə yüklənməzdən əvvəl “Azneft” İstehsalat Birliyinin aidiyyəti şöbələrinin əməkdaşları tərəfində yoxlanılır. Ərzaq məhsullarının istifadə və saxlanma müddəti komissiya tərəfindən yoxlandıqdan sonra xarab ola bilən ət və toyuq məhsulları gəmiyə qoyulmuş soyuduculara yığılır. Neft Daşlarına gətirilən həmin ərzaq məhsulları idarənin ərzaqların gətirilməsinə və keyfiyyətinə nəzarət edən komissiya tərəfindən yoxlanaraq aktlaşdırılır. Çörək isə Neft Daşlarında çörəkbişirmə sexində bişirilir. Gün ərzində tələbatdan asılı olaraq təxminən 700-800 ədəd ağ və qara keyfiyyətli çörək bişirilir.”
Nail Rəhimzadə, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb