28 fevral 2017 14:37
3666

Əməyin mühafizəsi sahəsində görülən işlər müzakirə edilib

SOCAR-ın “Qaz İxrac” İdarəsində əməyin mühafizəsi sahəsində görülən işlər müzakirə edilib. “Qaz İxrac” İdarəsinin (Qİİ)  rəisi Qağaməli Seyfullayev bildirmişdir ki, ötən ildə bütün işlər “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun həyata keçirilmişdir. O qeyd etmişdir ki, İdarənin obyektlərində daimi fəaliyyət göstərən komissiyanın, müvafiq şöbələrin və nəzarətedici orqanların (FHN.SİTGDMNDA, DYMX və Ekologiya və Təbii Sərvətlər Nazirliyi) nümayəndələri tərəfindən istehsalat sahələrində yoxlamalar aparılıb. Aşkar edilən uyğunsuzluqlar görülən tədbirlər nəticəsində aradan qaldırılmışdır.

Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün söz Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi şöbəsinin (TESİEŞ) rəisi Əmrah İbrahimova verilmişdir. O demişdir:

- İdarə öz fəaliyyətini milli qanunvericiliyə uyğun olaraq ISO 9001, ISO 14001, ISO 50001 və OHSAS 18001 Beynəlxalq standartların tələbləri səviyyəsində qurmuş və

2016 - cı ildə Magistral Qaz Kəmərləri sahələrində (MQKS) əmək şəraitinin vəziyyətinin kompleks yoxlanılması ərəfəsində işçilərin maarifləndirilməsi məqsədilə “Enerji mənbələrinin təcrid edilməsi - elektrik işləri”, “İş yerində stress -kollektiv çağırış” mövzularında təqdimatlar keçirilmişdir. İl ərzində Qİİ-nin Daimi fəaliyyət göstərən komissiyasi (DFK) tərəfindən 228 nəfər işçinin Əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair  bilikləri yoxlanılmışdır.

“Qaz İxrac” İdarəsində və Magistral Qaz Kəmərləri sahələrində yanğın xəbərverici sistemlərin quraşdırılması və ya mövcud sistemlərin bərpası işləri başa çatdırılmışdır. Belə ki, inzibati bina, kompressor stansiyaları, qaz paylayıcı stansiyalar 9QPS), qaz tənzimləyici məntəqələr (QTM) və ölçü qovşaqlarında (ÖQ) binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün ümumilikdə  idarə üzrə  244 yanğın xəbərverici sistem quraşdırılaraq və ya bərpa edilərək istifadəyə verilmişdir.

Hesabat dövründə “Qaz İxrac” İdarəsinin Magistral Qaz Kəmərləri sahələrində və ərazilərində, xüsusən də yaşayış məntəqələrindən uzaq ərazilərdə çalışan işçilərin həyatını ilanlardan və digər zəhərli həşəratlardan qorumaq məqsədi ilə  SOCAR - ın Ekologiya İdarəsinin  Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən dərmanlama işləri aparılmış, həmçinin  müqaviləyə uyğun olaraq planlı şəkildə MQKS-lərin inzibati binalarında, Kompressor stansiyalarında (KS), QPS-lərdə (QTM), ÖQ-larında ərazilərdə və otaqlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmışdır.

İdarə üzrə 2016-cı il ərzində  QPS - lərin çıxışlarında əhaliyə verilən qaz xətlərində təzyiqin tələb olunan həddən qalxıb enməsinə nəzarət üçün 181 ədəd yeni avtomatik mühafizə və siqnalizasiya sistemləri quraşdırılaraq istismara verilmişdir.  MQKS-nin obyektlərində əmək şəraitinin yaxşılaşdırılması, sanitariya və gigiyena sahələrində də bir sıra işlər görülmüşdür. Belə ki,  MQKS-nin QPS-də yenidənqurma işləri aparılmış, yeni yanğın su hovuzları, operator evləri tikilərək istifadəyə verilmişdir. TESİEŞ-in nəzdində yeni yaradılmış Sənaye-sanitar laboratoriyası tərəfindən  Qİİ üzrə iş yerlərinin attestasiya nəticələri analiz edilmiş, zərərli peşələrdə işləyən və kimyəvi amillərlə təmasda olan işçilərə südün verilməsi üçün müvafiq tədbirlər görülmüş, xəstəlik vərəqələrinin analizi aparılmış, peşə xəstəliklərinə  meyilli xəstələr araşdırılmış və dövri tibbi müayinələrə nəzarət həyata keçirilmişdir. Hesabat dövrü ərzində Sənaye-sanitar laboratoriyası üçün ölçü aparatları alınmış və bu aparatlar vasitəsilə Abşeron MQKS-nin obyektlərində ölçmə işləri aparılmışdır. İl ərzində Qİİ-nin işçiləri xüsusi geyim, xüsusi ayaqqabı, digər FMV və qoruyucu vasitələrlə tam təmin olunmuşdur. Eləcə də  ilkin yardım göstərmək üçün tibb qutuları, dərman dəstləri, ilan zəhərinə qarşı polivalent zərdab (antigürzə) alınaraq sahələrə paylanmışdır. Qİİ-nin MQKS-lərinin bütün fəhlələri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair peşə, iş növləri və ümumi işlər üzrə təlimat topluları mətbəədə çoxaldılaraq Magistral Qaz Kəmərləri sahələrinin bütün obyektlərinə paylanılmışdır.

İlin yaz-yay mövsümlərində  iməciliklər keçirilmiş, bu iməciliklər zamanı ağac və gül kolları əkilmişdir.  Ümumilikdə  2016-cı il  ərzində Qİİ-nin MQKS-lərinin ərazilərində 5975 ədəd ağac və gül kolları əkilmiş,  əkilən ağacları suvarmaq üçün süni suvarma üsulları tətbiq edilmişdir. MQKS-lərin ərazilərində əkilmiş ağac və gül kollarına Magistral Qaz Kəmərləri  sahələrinin  bağbanları tərəfindən mütəmadi olaraq aqrotexniki qulluq göstərilmişdir.

İl ərzində beynəlxalq standartın tətbiqi sahəsində də böyük işlər görülmüşdür. İlin əvvəlindən idarə aparatının bütün işçi personalı və Abşeron, Ağdam, Siyəzən MQKS-lərdə çalışan işçilərlə maarifləndirmə işləri həyata keçirilmiş və onlar beynəlxalq standartların əhəmiyyəti, müəssisədə tətbiqi barədə geniş məlumatlandırılmışlar. Qİİ-nin 115 nəfər işçisi SOCAR-ın Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində hər üç standart üzrə maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirmiş və onlara müvafiq sertifikatlar verilmişdir.  Keçirilən auditlər zamanı yaxşı nəticələr əldə edilmiş və  Fransanın “Bureau Veritas” Sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 9001, ISO 14001 və OHSAS 18001 üzrə növbəti 3 il üçün yenidən sertifikatlaşdırılmış və İdarə ilk dəfə ISO 50001 Beynəlxalq Sertifikatına layiq görülmüşdür. ISO 50001 Beynəlxalq Standartının tətbiqini daha da effektiv həyata keçirmək məqsədi ilə “Bureau Veritas” şirkətinin türkiyəli mütəxəssisi tərəfindən İdarədə kurs keçirilmişdir. Sözügedən kursda İdarə üzrə 15 nəfər  mütəxəssis iştirak  etmişdir.

Hesabat yığıncağında İdarə rəisinin birinci müavini Nazim Səmədzadə, əməyin mühafizəsi üzrə rəis müavini Sarxan Babaşov və SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin böyük mühəndisi Tahir Binyatov çıxış edərək  görülmüş işləri müsbət qiymətləndirmişlər.

İclasın sonunda İdarənin rəisi Qağaməli Seyfullayev bu sahədə bundan sonra da geniş formada işlərin həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.

Həzi Həsənli