01 mart 2017 23:25
1006

Neft Daşlarında Ümumdünya Mülki Müdafiə günü

SOCAR-ın “Azneft” İstehslat Birliyi “Neft Daşları” NQÇİ-də 1 Mart Ümumdünya Mülki Müdafiə günü qeyd edilib. NQÇİ-nin baş mühəndisi, fövqəladə hallar üzrə komissiyanın sədri Azər Rüstəmov qeyd edib ki, Azərbaycan 1993-cü ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvlüyünə qəbul edilib. A.Rüstəmov mülki müdafiə sahəsində “Azneft” İstehslat Birliyinin NQÇİ qarşısında qoyduğu vəzifələrdən danışıb. 

Baş mühəndis çıxışında bu günün tarixindən bəhs edib: “Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bütün ölkələrdə Ümum-dünya Mülki Müdafiə günü kimi qeyd edilir. Hazırda BMMT-yə dünyanın 50-dən çox ölkəsi daxildir. Bu təşkilatın əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, MM kadrlarının hazırlanması və təkmilləşməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının tarixçəsi 1931-ci ildən başlayır. 1931-ci ilin mayında tibbi xidmət generalı fransız Corc Sant-Pol Parisdə "Cenevrə regionu Assosiasiyası" təşkilatını yaradır, sonralar o, Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrilir. General Sant-Pol 1937-ci ildə vəfat edikdən sonra onun vəsiyəti ilə assosiasiya Parisdən Cenevrəyə köçürülüb və müharibə dövründə mülki əhalinin və tarixi abidələrin mühafizəsi üzrə Beynəlxalq Assosiasiya adı ilə yenidən qurulub. Generalın dostu və məsləkdaşı Henri Cors Assosiasiyaya başçılıq edib, onun baş katibi olub. Məhz Henri Corsun təşəbbüsü ilə Assosiasiya tərəfindən 1936-cı ildə İspaniyada baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Qilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində-Şanxayda bitərəf zonalar yaradıldı və dinc əhalinin qorunmasının mümkünlüyü nümayiş etdirildi.”

NQÇİ-nin Mülki Müdafiə Qərargahının rəisi Araz Əsgərov da Beynəlxalq Mülki Müdafiə Gününün əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Nail Rəhimzadə, “İki sahil”