02 mart 2017 00:53
3013

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş toplantı

“Qaz ixrac” İdarəsində Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş  tədbir keçirilmişdir.

Əvvəlcə İdarə binasının girişində, mülki müdafiə üzrə fərdi mühafizə vasitələrini, dozimetrik nəzarət cihazlarını, xəbərdaredici siqnalları, mülki müdafiə haqqında məlumatları əks etdirən sərgiyə baxış keçirilmişdir. Sərgiyə baxışdan sonra tədbir iştirakçıları İdarənin konfrans zalına toplaşmışlar.

İdarə rəisi Qağaməli Seyfullayev 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş toplantını  açıq elan etmiş və Ümumdünya Mülki Müdafiə Gününün mahiyyətini, mülki müdafiənin rolunu əks etdirən mövzuda çıxış edərək bu günün qeyd edilməsi və mülki müdafiənin cəmiyyətdə rolu haqqında qısa məlumat vermişdir.

Bildirmişdir ki, Beynəlxalq Mülki Müdafiə Təşkiatı 1972 – ci ildən hökumətlərarası təşkilat kimi fəaliyyət göstərir və təşkilata hazırda 50 – dən çox ölkə daxildir. Azərbaycan Respublikası 1993 – cü ildə bu humanitar nüfuzlu təşkilatın üzvlüyünə qəbul edilmişdir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 1990-cı ildə keçirilən doqquzuncu sessiyasında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü təsis edilmişdir. Beynəlxalq Mülki Müdafiə Təşkilatı hər il bu günün keçirilməsi üçün mövzu təqdim edir, builki mövzu “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu”dan ibarətdir.

Q.Seyfullayev qeyd etmişdir ki, Mülki müdafiə - dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir.

İdarəmizdə gündəlik fəaliyyətdə olan Mülki Müdafiə Qərargahı (rəisi Tahir Qasımov) yaradılmışdır. Qərargah mülki müdafiə üzrə hazırlığı, məşqlərin, təlimlərin, dərslərin təşkilini, kimyəvi, mühəndis, tibbi mühafizə tədbirlərini həyata keçirir. İstehsalat qəzaları, fövqəladə hadisələr baş verdikdə isə onun nəticələrinin aradan qaldırılması məqsədilə İdarə üzrə Fövqəladə hallar komissiyası  yaradılmışdır ( rəhbəri Nazim Səmədzadə)

 “Qaz İxrac” İdarəsinin yaranmasından artıq dörd il keçir.  Bu dövr ərzində mülki müdafiə üzrə böyük işlər görülmüşdür. Belə ki, İdarədə üç obyekt məşqi, dörd rəhbər heyətin məşqi və səkkiz mülki müdafiə qüvvələrinin xəbərdarlıq - toplanış məşqləri, Magistral Qaz Kəmərləri sahələrinin (MQKS) hər birində ildə bir rəhbər heyətin məşqi və iki mülki müdafiə qüvvələrinin xəbərdarlıq - toplanış məşqləri olmaqla 28 rəhbər heyətin məşqi və 56 mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə xəbərdarlıq - toplanış məşqləri keçirilmişdir.

İdarənin Ağdaş, Astara və Hacıqabul MQKS-lərində keçirdiyi təlimlər, həmin rayonların yanğından mühafizə, polis, təcili yardım, gigiyena-epidemiologiya  mərkəzlərinin, regional Qızıl Aypara cəmiyyətlərinin, profilaktik dezinfeksiya şöbələrinin işçilərinin cəlb edilməsi ilə MQKS-lərin mülki müdafiə qüvvələri tərəfindən peşəkarlıqla həyata keçirilmiş və Fövqəladə Hallar Nazirliyinin (FHN) rayon və regional xidmətlərinin rəhbərləri tərəfindən  yüksək qiymətləndirilmişdir. Hesabat dövründə İdarədə və MQKS-lərdə SOCAR tərəfindən iki, FHN-in Mülki Müdafiə İdarəsi və rayon-regional xidmətləri tərəfindən yeddi dəfə mülki müdafiə vəziyyətinin yoxlanış tədbiri keçirilmişdir. İdarədə və MQKS-lərdə mülki müdafiə vəziyyətinə hazır olmağımız, işlərimizin təlimatların tələbinə uyğun, nümunəvi olması müəyyən edilmişdir.          

Sonra idarənin mülki müdafiə üzrə mütəxəssisi, ehtiyatda olan polkovnik  - leytenant Elxan Abbasov “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusu ilə bağlı ətraflı məlumat vermişdir. Eyni zamanda videogörüntülər vasitəsi ilə mülki müdafiə üzrə hazırlıq, kimya-mühəndis tədbirləri, keçirilmiş məşq və təlimlər, idarənin mülki müdafiə strukturu, MQKS-lərdə Mülki Müdafiə işlərinin gedişi, müasir fərdi mühafizə vasitələrinin alınması, kollektiv mühafizə vasitələri haqqında məlumat verilmişdir.

FHN-in Bakı Regional Mərkəzinin İdarə rəisi, polkovnik Vaqif Teymurov  və FHN-in Mülki Müdafiə İdarəsinin şöbə rəisi, mayor Elşən Yolçiyev tədbirdə iştirak etmişlər. Polkovnik Vaqif Teymurov FHN-in qəza-xilasetmə işlərinin aparılması qaydaları, qarşılıqlı fəaliyyət, idarəetmə - rabitənin təşkili ilə əlaqədar çıxışında SOCAR-ın təşkilatlarında yüksək göstəricilərin olduğunu vurğulamışdır.

Tədbir “Qaz İxrac” İdarəsinin Mülki Müdafiə Qərargahının MQKS-lərində keçirdiyi məşq və təlimlərin videogörüntülərinə baxışla davam etdirilmişdir. Sonda İdarə rəisi Qağaməli Seyfullayev tədbir iştirakçılarına qəzalarla heç vaxt üzləşməməyi arzulayaraq, mülki müdafiə işlərində daha diqqətlə məşğul olmağı tövsiyə etmiş və bu işlərin vacibliyini tədbir  iştirakçılarının nəzərinə çatdırmışdır.

Həzi Həsənli