Neft işinin görkəmli təşkilatçısı N. K. Baybakovun büstünün açılış mərasimi keçirilmişdir
Martın 6-da Bakının Sabunçu rayonunda 67 saylı tam orta məktəbin ərazisində dünya şöhrətli neftçi, neft işinin görkəmli təşkilatçısı, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Nikolay Konstantinoviç Baybakovun büstünün açılış mərasimi keçirilmişdir. Mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, şirkətin vitse-prezidentləri Xalik Məmmədov və Bəhram Hüseynov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Murışev və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirmişdir ki, keçmiş Sovetlər İttifaqının böyük dövlət xadimlərindən olan N. Baybakov Azərbaycan neft-qaz sənayesinin ən parlaq simalarından biridir. O, Azərbaycanda doğulub boya-başa çatmış və bütün fəaliyyəti boyu dogma vətəni, həmkarları ilə bağlılığını saxlamışdır.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə N. Baybakovun həyat və fəaliyyətindən danışmış, onun çoxsahəli və gərgin fəaliyyətinin Vətəninə, sevib-seçdiyi neftçi peşəsinə şərəf və ləyaqətlə xidmət göstərməyin əyani təcəssümü olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, əmək fəaliyyətinə Balaxanı mədənlərində başlayan N. Baybakov ömrünün sonunadək hansı vəzifədə çalışmasından asılı olmayaraq, neftçi olduğunu bir an belə unutmamışdır. Dərin məzmunlu kitablarında özünü neftçi kimi təqdim etmiş, həyatının bu sahə ilə bağlılığını həmişə şərəflə vurğulamışdır. Bakı neftçilərinə xas olan işgüzarlıq və əzmkarlıq, dərin mühəndis zəkası N. Baybakova məşğul olduğu bütün sahələrdə uğur qazandırmışdır. X. Yusifzadə bildirmişdir ki, N. Baybakovun fəaliyyəti yüksək qiymətləndirilmiş, o, çoxlu dövlət mükafatlarına layiq görülmüş, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycanın ali mükafatları -“Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Oleq Muraşev N. Baybakovun Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolundan bəhs etmiş, büstün qoyulmasını Azərbaycan-Rusiya dostluğuna verilən dəyərin tərənnümü kimi qiymətləndirmişdir.
Sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə büstün üzərindəki örtüyü götürmüşdür. Sabunçu rayonu 67 saylı tam orta məktəbin şagirdləri N. Baybakova həsr olunmuş şeirlər söyləmişlər.
Tədbirin sonunda N. K. Baybakovun fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb