07 mart 2017 14:42
311

Nigeriya “Shell” və “Eni” şirkətlərini məhkəməyə verib

Nigeriya dövləti ölkədə fəaliyyət göstərən “Royal Dutch Shell” və “Eni” neft şirkətlərini korrupsiya iddiası ilə məhkəməyə verib. Nigeriya hökuməti ölkədə neft istehsalının bir hissəsini həyata keçirən Hollandiyanın “Shell Dutch Shell”  və İtaliyanın “Eni” şirkətlərinin Afrikanın ən zəngin neft yataqlarından biri olan “OPL-245” yatağının müəyyən müddətlik istismar haqqını 1,1 milyard dollara aldığı zaman korrupsiyaya əl atdıqlarını iddia edərək hər iki şirkəti paytaxt Abucadakı Nigeriya Ali Məhkəməsinə verib.

Nigeriya İqtisadi və Maliyyə Cinayətləri Komissiyası tərəfindən məhkəməyə təqdim olunan şikayət ərizəsində “Royal Dutch Shell” və “Eni” şirkətlərinin “OPL-245” yatağının müəyyən müddətlik istismarı üçün icazə sənədinə görə Nigeriyanın sabiq neft naziri Dan Eteteyə, sabiq ədliyyə naziri Məhəmməd Bello Adokeyə və biznesmen Aliyu Abubakara 801 milyon dollar rüşvət verməsi iddiası öz əksini tapıb. Həmçinin iddianamədə sözügedən neft şirkətləri və onların rəsmi nümayəndələri nigeriyalı nazirlərə qanunsuz şəkildə pul verməklə Nigeriyanın korrupsiya haqqında qanununu pozmaqda ittiham olunublar.

Həm “Royal Dutch Shell”, həm də “Eni” şirkəti Nigeriya hökumətinin qaldırdığı iddia ərizəsini rədd edərək sözügedən məbləğin Nigeriya hökumətinə ödənildiyini bildirib. Xatırladaq ki, məhkəmə qərarı ilə bu ilin yanvar ayında “OPL-245” neft yatağının istismarına nəzarət tam olaraq Nigeriya hökumətinə verilib. 2015-ci ilin mayında Muhammad Buharinin Nigeriya prezidenti seçilməsindən sonra ölkədə antikorrupsiya tədbirləri xeyli gücləndirilib. Cari ilin fevralında korrupsiya və rüşvətxorluqla mübarizə aparan Nigeriyada sabiq neft nazirlərindən Diezani Alison-Maduekenin 37,5 milyon dollar məbləğində dəyərləndirilən malikanəsi nəzarətə götürülərək əlindən alınmışdı.

Afrika qitəsində ən çox neft istehsal edən və OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) üzvü olan Nigeriya sahib olduğu neft ehtiyatlarına görə dünya ölkələri arasında ilk 10-luqda yer alır.

Həmidağa Məcidov, “İki sahil”