07 mart 2017 23:55
438

Dünyada neftə tələbat artacaq

Dünya birjalarında “qara qızıl”a olan tələbat 2016-2022-ci illər ərzində gündəlik 7,3 milyon barel artaraq 103,8 milyon barelə yüksələcək. Beynəlxalq Enerji Agentliyinin (BEA)”Neft-2017” adlı raportuna görə, sözügedən dönəmdə dünya birjalarına çıxarılan gündəlik neftin miqdarı 5,6 milyon barel artacaq. Bu artımın 60%-i  Neft İxrac Edən Ölkələr Birliyinə ( OPEC) üzv olmayan neft istehsalçılarının payına düşəcək. Raportda 2022-ci ildə OPEC üzvü olmayan ölkələrin gündəlik neft hasilatının 3,3 milyon barel artımla 60,9 milyon barelə çatacağı da bildirilib.

Həmçinin raportda ABŞ-ın 2022-ci ildə gündəlik 1,6 milyon barel artımla dünya birjalarına ən çox neft çıxaran ölkə olacağı da öz əksini tapıb. Bu siyahıda ABŞ-dan sonra gündəlik 1,1 milyon barel ilə Braziliyanın ikinci, gündəlik 800 min barel ilə Kanadanın isə üçüncü olacağı proqnozlaşdırılıb.

Agentliyin “Neft-2017” raportunda OPEC-in hasilat payı məsələsinə də toxunulub. Belə ki, OPEC-in 2022-ci ildə gündəlik hasilat tutumunun 1,95 milyon barel artıraraq 37,85 milyon barelə yüksələcəyi təxmin edilir. OPEC ölkələrindən ən çox hasilat artımının gündəlik 700 min barel ilə İraqın payına düşəcəyi iddia olunur. Bu siyahıda gündəlik 400 min barel ilə İranın ikinci, 370 min barel ilə Birləşmiş Ərəb Əmirliklərinin  və Liviyanın üçüncü pillələri bölüşəcəyi gözlənilir.

Raporta görə, dünya birjalarında cari ilə olan gündəlik qara qızıl tələbatının 98 milyon barel, 2018-ci ildə isə 99,3 milyon barel olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə neftə olan gündəlik tələbin ümumilikdə 7,3 milyon artaraq 103,8 milyon barelə çatması gözlənilir.

Eyni zamanda sözügedən raportun proqnozuna görə,( OECD)in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının  neftə olan gündəlik tələbatı 1,2 milyon barel geriləyərək 45,5 milyon barelə enəcək. OECD üzvü olmayan ölkələrin “qara qızıl”a olan gündəlik tələbatının isə 8,5 milyon barel artaraq 58,3 milyon barelə yüksəlməsi proqnozlaşdırılır.

Sözügedən vaxt ərzində ən böyük tələb artımının gündəlik 5,1 milyon barel göstərici ilə Asiyada qeydə alınacağı gözlənilir. Belə ki, Beynəlxalq Enerji Agentliyinin rapotuna görə, 2022-ci ildə Asiyada gündəlik qara qızıl tələbatı 30,1 milyon barelə yüksələcək. Bu siyahıda 1,2 milyon barel artımla Yaxın Şərq regionun ikinci, 600 min barel artımla Latın Amerikası regionunun üçüncü olacağı gözlənilir.

Həmidağa Məcidov, “İki sahil”