SOCAR-ın Kompleks Qazma İşləri Trestinin yaranmasının 10 ili tamam olur
Son illər SOCAR tərəfindən ölkədə neft-qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir ki, bu işlərin əsas tərkib hissəsi kimi müasir qazma avadanlıqların alınması, dünya standartlarına cavab verən texnika və texnologiyaların qazma işlərində geniş miqyasda tətbiqini xüsusi qeyd etməliyik. Ən son texnika və texnologiyalardan istifadə etməklə dənizdə və quruda unikal platformalar quraşdırılır, sürətli qazma işləri aparılır, yeni-yeni neft və qaz quyuları istismara verilir. Bütövlükdə isə son illər modern, dünya səviyyəli bir şirkətə çevrilmiş SOCAR-ın uğurlarından yeraltı zənginliyə yol açan fədakar qazmaçılara da xüsusi pay düşür.
Bu günlərdə SOCAR-ın ən böyük struktur vahidlərindən biri olan Kompleks Qazma İşləri Trestinin yaradılmasının 10 illiyi ilə bağlı tədbir keçirilib. Yubiley yığıncağında çıxış edən Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli bildirib ki, müstəqilliyinin bərpa olunmasından ötən dövr ərzində sürətli inkişaf dövrü keçmiş Azərbaycan yüksək nailiyyətlərə imza atıb: “Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırıb. Ölkəmiz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurlarını yaşayır. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi malik olduğu təbii resurslardan səmərli istifadəsinin nəticəsidir. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev neft strategiyasını daha yeni çalarlarla inkşaf etdirir. Neft strategiyasının Azərbaycanın iqtsadi və siyasi mövqeyinin möhkəmlənməsində rolunu daim yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, bu gün ölkəmizin iştrakı olmadan bölgədə hansısa bir iqtsadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü onun artan nüfuzunun, söz sahibi olmasının göstəricisidir.”
Ulu Öndərin müəllifi olduğu neft strategiyasının icraçısı olan SOCAR hazırda regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir, ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir. Yeni yataqların açılması və istismarı sayəsində ölkəmizin enerji ehtiyatları artır, bununla da Azərbaycanın ixrac imkanları genişlənir.
İ.Şirəli qeyd edib ki, bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi mövcud nef-qaz hasilatının stabil saxlanılması və yeni yataqların kəşf edilib istismara verilməsi zərurətindən irəli gələrək, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli Fərmanına əlavələr edilməsi haqqında” Azərbaycan Prezidentinin 7 mart 2007-ci il tarixli Fərmanı və SOCAR rəhbərliyinin 12 mart 2007-ci il tarixli Əmri ilə Kompleks Qazma İşləri Tresti yaradılıb: “SOCAR rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması qazmaçıları ölkəmizin iqtisadi qüdrətinin artırılması və neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir. Məhz bunun nəticəsidir ki, ötən 10 il kollektiv üçün xüsusi nailiyyətlərlə yadda qalır. Belə ki, Kompleks Qazma İşləri Trestinin kollektivi bu 10 il ərzində ölkəmizin quru və dəniz sahələrində 1272779 metr qazma işi həyata keçirib. 10 il ərzində Trest üzrə 744 quyunun qazılmasına başlanılıb, 770 quyuda qazma işləri başa çatdırılıb, 798 quyu isə sifarçiyə təhvil verilib.”
Quba-Xəzəryanı NQR-də, Aşağı Küryanı NQR-də, Abşeron NQR-də, Kür və Qabırrı çayları arası NQR-də, Naxçıvan NQR-də, dəniz akvatoriyası üzrə Bakı və Abşeron arxipelaqında aparılmaqla SOCAR-a məxsus 14 yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə, sifarişçinin tapşırıqlarını vaxtında və keyfiyyətlə həyata keçirməklə, axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır. Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə Kompleks Qazma İşləri Tresti SOCAR-ın strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə (“Neftqazelmitədqiqatlayihə” İnstitutu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s.) sıx əməkdaşlıq edir. Kompleks Qazma İşləri Trestinin tərkibində yaradılmış “Qazmaservis və Logistika” Bölümü geniş profilli xidmət, təmir, qüllə tikintisi, maili quyuların qazılması işlərini yerinə yetirməklə ölkədaxili başqa qazma təşkilatları ilə yanaşı, gələcəkdə xarici ölkələrdə qazma işlərinin xidmət sahəsinə inteqrasiya etməyə hazırlaşır.
Xüsusi olaraq vurğulanıb ki, yaranmasından cəmi 10 il ötməsinə baxmayaraq Kompleks Qazma İşləri Tresti mühüm uğurlara əldə edib. Belə ki, Trest “Bulla-dəniz”, “Qoşadaş”, “Cahandar”, “Türkan”, “Bəyimdağ-Təkçay”, “Pirallahı adası”, “Muradxanlı” sahələrində qazma işləri apararaq, SOCAR tərəfindən qarşıya qoyulmuş axtarış-kəşfiyyat planını uğurla yerinə yetirib. Milli neft sənayemizin parlaq səhifələrindən olan “Ümid” yatağını kəşf edən ilk quyu da məhz Kompleks Qazma İşləri Trestinin kollektivi tərəfindən qazılıb.
“Ümid” strukturunda yerləşən 1 nömrəli platformada ABŞ və Çindən alınmış müasir texniki-texnoloji tələblərə cavab verən, “top drive” mexanizmi ilə təchiz olunmuş, dünya qazmaçılarının son nailiyyətlərindən olan müasir ZJ 70/4500DZ qazma qurğusu ilə qazma işləri həyata keçirilib. “Ümid” strukturunda yerinə yetirilən bu layihə qaz proqramının vacib buraxılış obyektlərindəndir. Bu platforma milli sektorda Azərbaycan neftçilərinin öz gücü ilə quraşdırdığı ilk unikal tikintidir. Bu quyuda “Azəri Mİ” Drillinq Fluids LTD şirkəti ilə birlikdə neft əsaslı məhluldan və “Schlumberger” şirkətinin LWD/MWD telemetrik ölçü cihazları yığılmış QKAH-ni istifadə etməklə qazma işi aparılıb.
Bildirilib ki, “Ümid” yatağının istismara verilməsi, hər şeydən əvvəl, ölkəmizin iqtisadi qüdrətinin təntənəsi, SOCAR-ın dünya səviyyəli bir şirkətə çevrilməsinin məntiqi nəticəsidir. SOCAR-ın gücü ilə inşa olunmuş unikal “Ümid-1” platformasından qazılan ilk kəşfiyyat quyusunda qazma işləri 2012-ci ilin yayında-vaxtından dörd ay əvvəl başa çatdırılıb. Həmin quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib. 6400 metr dərinliyədək qazılmış quyu layihə horizontu olan məhsuldar qatın VII horizontunu tam açaraq öz geoloji vəzifəsini də yerinə yetirib. Yeri gəlmişkən, 2012-ci ilin iyun ayından mənimsənilən bu quyuda yüksək hasilat əldə edilib. Bu quyunun məlumatları “Ümid” yatağında böyük karbohidrogen ehtiyatlarının mövcudluğunu və “Şahdəniz” yatağından sonra ən böyük qaz ehtiyatına malik olduğunu bir daha əyani şəkildə sübut edir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi “Ümid”də qazanılmış bu nailiyyət neftçilərimizin daha bir mühüm uğuru kimi tarixə düşüb.
“Bulla-dəniz” yatağındakı 122 saylı özülün birinci istismar quyusunda qazma işlərinə start verilib. Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyində təmsil olunan digər nümayəndələr iştirak ediblər. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdirilib. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında yerləşən 122 nömrəli özüldən 124 nömrəli quyuda qazma işləri uğurla başa çatdırılıb və quyunun yüksək hasilat ilə mədənçilərə təhvil verilməsi də Trestin möhtəşəm uğuru kimi qiymətləndirilməlidir.
“Bulla-dəniz” yatağında yerləşən 122 nömrəli özüldən növbəti 125 nömrəli istismar quyusunda qazma işlərinə 2016-cı ilin ilin iyul ayında başlanılıb və quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilib. Bunlardan karbohidrogen əsaslı məhlulu, quyu dibi mühərrikləri, müasir tip hidrogenişləndiriciləri, bisentrik baltaları və “Schlumberger” şirkətinin LWD/MWD telemetrik ölçü cihazları yığılmış QKAH-ni xüsusilə qeyd etmək lazımdır. Qazmaçıların faziləsiz və gərgin əməyinin nəticəsi olaraq qazma işləri 6182 metr dərinliyə kimi aparılıb, layihə horizontu tam açılıb. 2016-cı il noyabr ayın 3-də isə hazır süzgəc (6092-6140 metr intervalında) istifadə etməklə 6182-6003,5 metr intervalına paker yığımlı “alt” istismar kəməri endirilib. Mənimsəmə işlərinə başlanılıb və quyu yüksək hasilatla N.Nərimanov adına NQÇİ-nin istismar fonduna təhvil verilib.
Növbəti 125 nömrəli quyu isə çox mürəkkəb geoloji şəraitdə qazılıb. Əvvəllər “Bulla-dəniz” və “Ümid” yataqlarında qazılan quyularda əldə edilən təcrübəyə əsaslanaraq, quyunun qazılması prosesi bütün detalları ilə araşdırılıb, qazma proqramı hazırlanıb və proqrama uyğun olaraq işlər yerinə yetirilib. Quyuda işlərin müvəffəqiyyətlə yerinə yetirilməsinə nəzarəti təmin etmək məqsədilə həm buruqda, həm də Trestin inzibati binasında qərargah yaradılıb. Quyuda son bir həftədə aparılan qazma işləri zamanı qərargahlar daim fəaliyyətdə olublar. 05.01.2017-ci il tarixində “Bulla-dəniz” yatağında yerləşən 12 nömrəli meydançadan 123 nömrəli istismar quyusunun qazılmasına start verilib. Həmçinin 2017-ci ilin dekabr ayında “Bulla-dəniz” yatağında tikilən 12 nömrəli özüldən 91 nömrəli kəşfiyyat quyusunda qazma işlərinin başlanılması planlaşdırılıb.
“Günəşli” yatağında yerləşən 14 nömrəli özüldə 354 nömrəli quyuda qazma işləri uğurla başa çatdırılıb. Bu özüldə Kompleks Qazma İşləri Trestinin kollektivi yaxın günlərdə növbəti 355 nömrəli quyuda qazma işlərinə başlayacaq. Bu quyuların da qazılmasında qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilir. Bundan başqa, “Qərbi-Abşeron” yatağında yerləşən 54 nömrəli özüldən 6 nömrəli horizontal quyunun may ayında qazılmasına başlanılması planlaşdırılır.
Kompleks Qazma İşləri Trestinin kollektivi dəniz yataqlarından “Neft Daşları”, “Darvin bankası” və “Çilov” yataqlarında 2017-ci ildə də qazma işlərini davam etdirəcək. Qazma işləri quru ərazilərdən “Pirallahı”, “Qaradağ” və “Sədan” sahələrində aparılır. Pirallahı yatağında da yüksək qazma sürətinə nail olmaq, köhnəlmiş avadanlıqların təzələnməsi istiqamətində mühüm iş görülüb. Belə ki, perspektiv baxımından önəmli olan 1132 nömrəli quyunun yeni ZJ-40 tip avadanlıqla qazılması üçün işlər həyata keçirilir.
Son illər ölkə əhalisinin payız-qış mövsümlərində “mavi yanacaq”la təminatının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Dövlət Neft Şirkəti tərəfindən bu məqsədilə hazırlanmış tədbirlər proqramına əsasən, ölkə ərazisində fəaliyyət göstərən Qaradağ yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Hazırda “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin Qaradağ sahəsində yeni quyuların qazılması davam etdirilir. Yeni ZJ-50 və ZJ-40 tip avadanlıqlarla 2015-ci il ərzində Qaradağ sahəsində 5 quyu, 2016-cı il 12 ərzində isə 4 quyu sifarişçiyə təhvil verilib. 2017-ci ildə yataq üzrə qazma həcminin (16856 metr) artırılması ilə əlaqədar olaraq, quyuların daha da yüksək sürətlə qazılmasını təmin etmək məqsədilə, ZJ-40 tip avadanlıq ZJ-50 tip avadanlıqla dəyişdirilib. Hazırda 489 nömrəli quyuda istismar kəməri endirilərək sementlənib və quyuda mənimsəmə-sınaq işlərinin aparılmasına hazırlıq gedir. 493 nömrəli quyuda isə yeni ZJ-50 tip avadanlıqla qazma işlərinin qısa müddətdə başlanılması üçün işlər davam etdirilir.
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan istifadə edilməklə qazma işlərinin aparılması ilə yanaşı, innovativ proqramların da tətbiqinə xüsusi diqqətlə yanaşır. Belə ki, SOCAR rəhbərliyinin 2011-ci il tarixli “SAP ERP sisteminin İstehsalatın planlaşdırılması (PP-Production planning), Təmir və quraşdırma (PM- Plant maintenance), Layihələrin idarə olunması (Project system) və Keyfiyyətə nəzarət (QM-Quality Management) modullarının tətbiqi barəsində” və 2015-ci il tarixli SOCAR/15-1000/10/BRP-03-000001 nömrəli “SOCAR-da SAP ERP sisteminin PP, PM, PS, QM modullarının bazasında əməliyyat blokunun məhsuldar istismara başlaması barədə” əmrinə əsasən Şirkətdə istehsalat proseslərinin planlaşdırılması, qurğu və avadanlıqların təmiri və texniki xidməti ilə bağlı proseslərin, iş bölgüsünün avtomatlaşdırılması, müvafiq layihələrin planlaşdırılması və idarə edilməsi, bütün səviyyələrdə istehsal proseslərinin keyfiyyətinə nəzarətin təmin edilməsi məqsədilə 2015-ci ilin avqust ayından SAP ERP sisteminin əməliyyat blokunun məhsuldar serverdə istismarına başlanılıb, sentyabr ayından etibarən isə mənfəət vergi bəyannaməsinin avtomatlaşdırılması prosesinə start verilib. Kompleks Qazma İşləri Trestinin aidiyyəti mütəxəssislərinin iştirakı ilə son istifadəçilər üçün treninqlər keçirilib, PS və PM modullarının iş prinsipləri və istifadə qaydaları tədris olunub. Bundan sonra 2015-ci ildə PS, 2016-cı ildə isə PM modulu məhsuldar serverdə istismara başlanılıb. Hazırda PS və PM modulları üzrə işlər uğurla davam etdirilir. Mütəmadi olaraq SAP ERP sisteminin bütün modulları üzrə istifadəçilər arasında görüşlər keçirilir və qarşıya çıxan məsələlər operativ surətdə həll olunur.
Sonda Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli vurğulayıb ki, yanvar-fevral aylarında mühüm uğurlara imza atan qazmaçılar 2017-cı ilin qalan dövrü ərzində də ölkəmizin dəniz və quru sahələrində axtarış və istismar qazma işlərini müvəffəqiyyətlə davam etdirmək məqsədilə bütün imkanlarını səfərbər edib: “Kollektivin hər bir üzvü qarşıya qoyulan dövlət tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində səylə çalışır.”
Nail Rəhimzadə, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb