ABŞ-ın ikinci ən böyük enerji şirkəti olan “Chevron”un İdarə Heyətinin sədri Con Vatson hökumətin tətbiqini planlaşdırdığı yeni gömrük vergisi siyasətinin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini azaldacağını bildirib.
“IHS CERAWeek 2017” enerji konfransında çıxış edən C.Vatson Donald Tramp hökumətinin ABŞ-a müəyyən ölkələrdən idxal olunan mallara gömrük vergisi qoymasının mənfi nəticələrə gətirib çıxaracağını və ölkənin rəqabət gücünü azaldacağını vurğulayıb. Yeni gömrük vergisinin qüvvəyə minməsindən sonra ABŞ-ın idxal etdiyi malların qiymətinin artacağına və bunun amerikalı istehlakçılara mənfi təsir edəcəyinə diqqəti çəkən C.Vatson əsl məqsədin sahibkarlığı daha rəqabətli etmək olmalı olduğunu qeyd edib.
ABŞ neft sənayesinin qlobal iqtisadiyyatın tədarük zəncirlərinə bağlı olduğunu vurğulayan İdarə Heyətinin sədri yüksək təşkilatlar vergisinin amerikalı neft şirkətlərinin xarici enerji firmaları ilə rəqabətini çətinləşdirdiyini, lakin enerji sənayesinin artıq 10 ildir vergi islahatı gözlədiyini bəyan edib.
Qeyd edək ki, seçki kampaniyası vaxtı ABŞ-da təşkilatlar vergisini 35 faizdən 15-20 faizə qədər endirəcəyini vəd edən Tramp prezident seçiləndən sonra ölkədəki şirkətlər diqqəti təşkilatlar vergisinin azaldılacağına yönəldiblər. Bu cür gözləmə isə Nyu-York birjasında indekslərin 10 faizdən çox gəlir gətirməsinə səbəb olub.
D.Tramp, həmçinin ABŞ-ın Meksikadan idxal etdiyi mallara 35, Çindən idxal etdiyi mallara isə 45 faiz gömrük vergisi qoymağı planlaşdırdığını bildirmişdi.
Ceyhun Piriyev, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb