13 mart 2017 14:43
389

Göyçayda əhalinin təbii qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılır

Göyçay rayonunun daha 3 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər görülür. Yaxın vaxtlarda rayonun Çaxırlı, Çərəkə və Ləkçiplaq kəndlərinə də təbii qazın verilməsi təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, son bir ildə Göyçayın 15 kənd yaşayış məntəqəsinə təbii qaz verilişi bərpa edilib. Hazırda rayon mərkəzində və 44 kənddə əhali mavi yanacaqdan istifadə edir. Rayon üzrə qazlaşdırma faizi 80,4-ə, ümumi abonentlərin sayı isə 21 min 883-ə çatdırılıb.

Bundan əlavə rayon əhalisinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə təminatının etibarlılığının artırmaq üçün Göyçay şəhərində və kəndlərdə mövcud transformatorların 27-si daha güclü transformatorlarla əvəz olunub, 9 yeni transformator məntəqəsi inşa edilib, podratçı təşkilatlar tərəfindən 896 ədəd köhnə və yararsız 0,4 kv-luq dayaqlar metal dayaqlarla əvəz edilib, 42,7 kilometr uzunluğunda elektrik naqilləri yükünü özü daşıyan kabellərlə əvəz edilib. Həmçinin 35/10 kv-luq “Çörək zavodu” yarımstansiyasında 3,2 meqavatlıq transformator 7,5 meqavatlıq transformatorla əvəz edilib. Bu istiqamətdə işlər davam etdirilir.