13 mart 2017 15:01
421

11 qəsəbəyə ilk dəfə təbii qaz verilib

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilmişdir

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin bütün ərazisi boyunca həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində indiyədək təbii qaz almayan yaşayış məntəqələri intensiv surətdə qazlaşdırılır, respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.Martın 11-də Novruz bayramı ərəfəsində, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir. Bu məqsədlə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir. Boru xətlərinin 21109 metrini polietilen, 179 446 metrini isə metal borular təşkil etmişdir. Qəsəbələrdə məskunlaşmış 4456 abonentin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında məcburi köçkünlərin sosial problemlərin həll edilməsinin dövlətin sosial siyasətinin prioritetlərindən olduğunu, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını qeyd etmiş, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrasından danışmış, bildirmişdir ki, münaqişə ilə üzləşən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlərin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması görülən işlərin səmərəliliyini yüksəldir. 

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində son illər qazanılmış nailiyyətlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkənin qazlaşdırılması proqramının icrasını şəxsən nəzarətdə saxladığını söyləyən Rövnəq Abdullayev ölkə ərazisinin 92 faizdən çoxunun qazlaşdırıldığını söyləmiş, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. 

Çıxış edən ictimaiyyət nümayəndələri 11 qəsəbəyə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. 

Daha sonra Baş nazirin müavini Əli Həsənov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev qəsəbələrə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandırmış, yaxınlıqdakı evlərdən birinin mətbəxində olmuş, ev sahiblərini təbrik etmiş, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanmışlar.