“Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində 2016-cı ilin yekunları və 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilmişdir.
Birliyin Baş direktoru Daşqın İskəndərov NQÇİ üzrə hasilatın artırılması, eləcə də ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, İdarənin ötən ilki göstəricilərini müsbət qiymətləndirmiş, bildirmişdir ki, neftin, qazın maya dəyəri aşağı salınmış, ikinci lülə kəsilişi ilə quyuların qazılması, müasir texnologiya və SAP-ın müvafiq modullarının tətbiqi genişləndirilmişdir. Qeyd olunmuşdur ki, 2016-cı ildə NQÇİ üzrə təqribən 118 min ton neft, 17,1 milyon kubmetr qaz hasil edilmiş, proqnoza müvafiq olaraq 104,4 və 127,3 faiz əməl olunmuşdur. Müşavirədə vurğulanmışdır ki, hazırki qiymətləndirmələrə əsaən, “Bibiheybət” yatağında 8 milyon ton neft ehtiyatı mövcuddur. Qalıq ehtiyatın yüksək hasilat göstəricisinə malik olduğu nəzərə alınaraq, daha dərin laylarda yeni tədqiqat-kəşfiyyat quyusunun qazılması qərara alınmışdır. Bu il 4 quyunun yan lülə kəsilişi ilə qazılması, fəaliyyətsiz fondda olan 8 quyunun istismara qaytarılması, eləcə də mərkəzi neftyığma məntəqəsinin yenidən qurularaq istismara verilməsi, 10 obyektdə əsaslı təmir işlərinin həyata keçirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün 2 hektar ərazidə torpaqların təmizlənməsi nəzərdə tutulur.
Gündəlik hasilatın artırılması üçün tədbirlər planı işlənib hazırlanması, neftçilərin təhlükəsizliyinin tam təmin olunması, avadanlıqlara vaxtaşırı qulluq göstərilməsinin vacibliyi vurğulanmışdır.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb