15 mart 2017 23:24
3527

SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 20 sentyabr - Neftçilər günü ərəfəsində imzaladığı Sərəncamlara əsasən, təltif edilmiş neftçilərə yüksək dövlət mükafatları təqdim olunmuşdur.

Əvvəlcə tədbir iştirakçıları ötən ilin sonlarında baş vermiş qəzada həlak olmuş neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçi əməyinə həmişə yüksək dəyər verən, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına coxminli Azərbaycan neftçiləri adından dərin minnətdarlığını bildirmişdir. R. Abdullayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qalibiyyətli enerji strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirildiyini bildirmiş, qlobal əhəmiyyətli “Şahdəniz-2”, Cənub Qaz Dəhlizi layihələri üzrə irəliləyişlərdən danışmışdır. O, SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən, neft və qaz əməliyyatlarından bəhs etmiş, Azərbaycan neftçilərinin bundan sonra da qarşılarına qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini ifadə etmişdir. Hazırda icra olunan investisiya layihələrinin yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəyini vurğulayan SOCAR prezidenti, şirkətin ekoloji layihələrindən söz açmış, neftçiləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir. 

Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları oxunmuş, “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş neftçilərə ali dövlət mükafatları təqdim olunmuşdur.

Təltif olunanlar adından “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin operatoru Fəxrəddin Rzayev, SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev, Ekologiya İdarəsinin Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi Füzuli Hacıyev çıxış edərək, layiq görüldükləri dövlət mükafatlarını bütün Azəbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmiş, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını qeyd etmişlər. 

Tədbirə yekun vuran SOCAR-ın prezidenti Rövnəq Abdullayev qarşıda duran vəzifələrdən danışmış, tədbirdə iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birelin yeni vəzifəyə təyin olunduğunu bildirərək, səmərəli əməkdaşlıq üçün ona təşəkkür etmiş, bu vəzifəyə təyinat almış Qari Counzu tədbir iştirakçılarına təqdim etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Azərbaycan neftçilərinin şərəfli ənənələrinə sadiq qalaraq 2017-ci ilin əvvəlindən müsbət göstəricilər qazandıqlarını nəzərə çatdıran Rövnəq Abdullayev onları bir daha Novruz bayramı münasibəti ilə təbrik etmişdir.