KÖŞƏ

Vəli İlyasov

Dünya Azərbaycan həqiqətlərini qəbul edir

17 mart 2017 15:14
826

Almaniya Bundestaqında Xocalı soyqırımı ilə bağlı bəyanat yayılıb

Azərbaycan dövlətinin yürütdüyü siyasət, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünya miqyasında apardığı işlər öz bəhrəsini verməkdədir. Uzun illər həyata keçirilən tədbirlərin nəticəsidir ki, dünyanın bir sıra ölkələrində - Meksikada, Peruda, Çexiyada, Pakistanda, Bosniya və Herseqovinada,  həmçinin ABŞ-ın 20-dən çox ştatında əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı rəsmən tanınıb.

Bu il mart ayının 4-də  Almaniya Bundestaqının deputatı  Mark Hauptman qurumun iclasında çıxış edərək Xocalı qətliamını törədən Ermənistanın işğalçılıq planlarını ifşa edib. Deputat müasir dünyada belə vəhşilik törədənlərə qarşı sərt tədbirlər görülməsini tələb kimi irəli sürüb.

Bu günlərdə  Almaniya Bundestaqının bir qrup deputatı  Uve Feiler,  Olov Qattinq, Hans Mişelbax, Filipp Muhrmann və  Norbert Şindler Xocalı soyqırımının 25  illiyi münasibətilə bəyanat veriblər.  Avropa  Azərbaycan Cəmiyyətindən (TEAS) bildirilir ki,  Bundestaq üzvlərinin bəyanatında Xocalı faciəsinə siyasi qiymət verilib. Bəyanat  müəllifləri  sənəddə vurğulayıblar ki, 1988-1994-cü illərdə Sovet  İttifaqının süquta uğradığı dövrdə dövlətin siyasi böhran keçirməsindən istifadə edən Ermənistan və Moskvadakı ermənipərəst qüvvələr Dağlıq Qarabağı Azərbaycandan ilhaq etməyə çalışıblar. Əhalisi etnik azərbaycanlılardan və həm də ermənilərdən ibarət olan Dağlıq Qarabağ erməni silahlı qüvvələri tərəfindən münaqişə ocağına çevrilib. Müharibəyə çevrilən bu münaqişədə 30 min azərbaycanlı həlak olub, on minlərlə insan  şikəst edilib.  1992-ci il fevralın 25-dən 26-na keçən gecədə  isə  Xocalıda 613 nəfər günahsız dinc sakin birləşmiş sovet-erməni silahlı qüvvələri tərəfindən misli görünməmiş amansızlıqla qətlə yetiriliblər. Regionda yaşayan azərbaycanlı əhali öz qədim yaşayış məskənlərindən didərgin salınıb.

Bəyanatda yazılıb ki, 1993-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası bu işğalı pisləyərək Ermənistan silahlı qüvvələrinin ərazidən dərhal çıxarılmasını tələb edən sənədlər qəbul ediblər. 1994-cü ilin mayında tərəflər arasında atəşkəsin əldə olunmasına dair saziş imzalanıb. Həmin vaxtdan etibarən münaqişənin həlli üçün danışıqlar prosesini həyata keçirmək missiyası ATƏT-in Minsk qrupuna həvalə edilib. Lakin münaqişə bu günədək öz həllini tapmayıb.

Almaniyalı deputatlar Cənubi Qafqazda yaranmış mövcud vəziyyətdən narahat olduqlarını bildiriblər. Onlar sənəddə qeyd ediblər ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərgin hərbi vəziyyət hələ də hökm sürür. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn bütün qaydalarının kobud surətdə pozulması deməkdir.

Bəyanatın sonunda bildirilir: “Xocalı qətliamının 25-ci ildönümü münasibətilə biz, Almaniya Bundestaqının üzvləri kimi tələb edirik ki, Almaniyanın xarici siyasəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq səylərini gücləndirməli və tərəfləri bu sülhü qorumaq üçün inandırmağa çalışmalıdır. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilməlidir. Məsələnin sülh yolu ilə həlli təhlükəsizlik və iqtisadi baxımdan zəruri olmaqla yanaşı, eyni zamanda Almaniya və Avropa üçün də yüksək dərəcədə əlverişli olacaq.”

Azərbaycan dövləti, xarici ölkələrdəki diaspor təşkilatları və əlaqədar ictimai qurumlar Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılması istiqamətində aparılan işləri mütəmadi olaraq genişləndirirlər. Aparılan işlər, həyata keçirilən tədbirlər qazanılan uğurlara stimul verir.