17 mart 2017 15:17
431

Dünyada neftə tələbat artıb

Dünyada neftə  tələbat fevral ayında yanvar ayı ilə müqayisədə 260 min barrel artaraq 520 min barrelə yüksəlib. Beynəlxalq Enerji Agentliyinin (BEA) “Aylıq neft birjaları” raportuna görə, OPEC-in (Neft İxrac Edən Ölkələr Birliyi) gündəlik xam neft hasilatı fevral ayı ərzində 32 milyon barrel səviyyəsində olub. Bu rəqəm ötən ilin eyni dövrünün statistikası ilə müqayisə etdikdə, 10 % azalma ilə OPEC-in gündəlik neft hasilatında 320 min barrel geriləmə müşahidə olunub.

OPEC ölkələrinin qeyri-konvensional neft hasilatı isə fevral ayında 6 milyon 740 min barrelə yüksəlib. Beləliklə, fevral ayının rəsmi statistikasına görə, OPEC-in gün ərzində toplam “qara qızıl” hasilatı 38 milyon 740 min barrel səviyyəsində olub. BEA-nın rəsmi rəqəmlərinə görə, sözügedən bir aylıq dönəmdə OPEC-ə üzv olan Səudiyyə Ərəbistanı və İranda gündəlik hasilat artıb, kartelə üzv olan digər ölkə Birləşmiş Ərəb Əmirliklərində isə gündəlik hasilat səviyyəsi aşağı düşüb.

OPEC-in ən böyük hasilat payına sahib ölkəsi Səudiyyə Ərəbistanının fevral ayı ərzində gündəlik hasilatı 180 min barrel artımla 9 milyon 980 min barrelə yüksəlib. Kartelin ikinci ən böyük istehsalçısı İraqın gündəlik neft hasilatı 4 milyon 400 min barrel səviyyəsində olub. Gözlənilənlərin əksinə olaraq Birləşmiş Ərəb Əmirliklərinin gündəlik “qara qızıl” hasilatı 60 min barrel azalaraq 2 milyon 900 min barrelə kimi geriləyib.

Fevral ayı ərzində OPEC-ə üzv olmayan neft istehsalçılarının gündəlik hasilatında artım müşahidə olunub. Belə ki, qeyri-üzv ölkələrin gündəlik neft hasilatı 90 min barrel artaraq toplam 57 milyon 800 min barrel səviyyəsinə qalxıb. BEA-nın proqnozuna görə, bu il OPEC-ə üzv olmayan ölkələrin neftə olan tələb və təklifi ötən il ilə müqayisədə 400 min barrel artaraq 58 milyon 100 min barrelə yüksələcək.

Proqnozlara görə, bu il qlobal neft tələbatının gündəlik 1 milyon 400 min artımla 98 milyon barrelə yüksəlməsi gözlənilir. İllik tələbdə 33 milyon 900 min barrel ilə Asiya və Pasifik qrupu ölkələri siyahının başında yer alır. 31 milyon 400 min barel göstərici ilə Amerika qitəsi ikinci, 14 milyon 800 min barrel göstərici ilə Avropa regionu üçüncü pillədə yer alır.

Həmidağa Məcidov, “İki sahil”