17 mart 2017 21:27
1488

Rövnəq Abdullayev neft-qaz sənayesi işçilərini təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Novruz bayramı münasibətilə neft-qaz sənayesi işçilərinə təbriki

 Əziz neftçilər,

Sizi xalqımızın zəngin tarixə malik milli adət-ənənələrini əks etdirən Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm cansağlığı, firavan həyat, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Milli varlığımızın rəmzi olan, yüksək bəşəri dəyərləri özündə təcəssüm etdirən, insanları ali amallara səsləyən Bahar bayramı müdrik ata-babalarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Təbiətin oyanışını, yenidən canlanmasını müjdələyən Novruz bayramı əsrlər boyunca insanları yaşamağa, qurub-yaratmağa ruhlandırmış, onlara daim işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu aşılamışdır. Çoxəsrlik mədəniyyətimizin parlaq güzgüsü olan Novruz gur tonqalları, xoşməramlı mərasimləri ilə xeyir-bərəkət, gözəllik, ülvi arzular bayramı kimi Azərbaycan torpağında hər il sevilə-sevilə, böyük ruh yüksəkliyi ilə qeyd olunur, cəmiyyətimizdə birlik və bütövlüyün möhkəmlənməsini, yüksək bəşəri dəyərləri özündə əks etdirir. Uzun illər boyu Novruz bayramı rəsmi dairələrdə etinasızlığa məruz qalsa da, xalqımız tərəfindən unudulmamış, böyük məhəbbət və sədaqətlə qeyd olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bu gözəl el bayramını dövlət səviyyəsində rəsmiləşdirdikdən sonra Novruz ölkəmizdə hər il yüksək səviyyədə, böyük təntənə ilə bayram edilir. Xalqımız bu əziz gündə Novruza dövlət bayramı statusu vermiş ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini heç zaman unutmur, xatirəsini dərin ehtiramla yad edir.

Novruz bütün türk və müsəlman dünyasının həmrəylik və birlik bayramı, dərin sosial-mədəni tellərlə bir-birinə möhkəm bağlanmış, ortaq tarixi ənənələrə sahib olan xalqların birlik simvoludur. Qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyamızda bu qədim mərasimlərin bütün rəngarəngliyi ilə qorunub saxlanılması insanların tarixi-mədəni və milli-mənəvi irsə dərindən bağlılığını göstərir. Cəmiyyətlərin parçalandığı, insanlar arasında ahəng və nizamın pozulduğu müasir dövrdə bu, olduqca mühüm sosial keyfiyyət göstəricisidir. Sevinir və qürur duyuruq ki, dövlətimizin müdrik rəhbəri Zati-aliləri İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, mədəniyyətimizin böyük hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və gərgin səyləri nəticəsində BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması, Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi türk-müsəlman dünyasına məxsus Novruz ənənələrinin həmişəyaşarlığını bütün dünyaya bir daha nümayiş etdirmişdir.

Əziz neftçilər,

Bu gün Azərbaycanda hökm sürən siyasi sabitlik və davamlı sosial-iqtisadi yüksəliş dünya ictimaiyyəti tərəfindən təqdir olunur, inkişafın Azərbaycan modeli başqa ölkələrə örnək göstərilir. İqtisadi dinamika, xalqın həyat səviyyəsinin durmadan yaxşılaşması, respublikamızın hərtərəfli inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı enerji strategiyasının qələbələri ilə sıx bağlıdır. Fəxr edirik ki, Ulu Öndərin tərəqqi və inkişaf konsepsiyası məhz cənab Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla davam etdirilir, ölkəmiz uzaqgörənliklə müəyyənləşdirilmiş hədəflərə doğru inamla irəliləyir. Ötən müddət ərzində qazanılmış misilsiz nailiyyətlər xalqımıza öz adət-ənənələrini, milli mənəvi dəyərlərini qoruyub yaşatmaq və əziz günlərini böyük təntənə ilə bayram etmək imkanı vermiş, hər evə, hər ailəyə xoş əhval-ruhiyyə bəxş etmişdir.

Zəngin tarixi ənənələrə malik neft-qaz sənayesi əməkçiləri ulu öndər Heydər Əliyevin inkişaf və tərəqqi kursunun uğurla həyata keçirilməsində daim var gücü ilə çalışmış, bu istiqamətdə görülən genişmiqyaslı işlərə mühüm töhfələr vermişlər. Neftçilərimiz bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf prosesinin aparıcı qüvvələrindəndir. Respublikamızın davamlı iqtisadi yüksəlişi, xalqımızın rifah halının durmadan yaxşılaşdırılması naminə neftçilər istər quruda, istərsə də dənizdə aparılan neft-qaz əməliyyatlarında böyük fədakarlıqla çalışırlar. Bu əziz bayram günlərində də bir çoxunuz Vətənimizin iqtisadi cəhətdən daha da qüdrətlənməsi naminə əmək növbəsindəsiniz. Əminəm ki, bu əzmkarlığın, neftçilərimizin və bütövlükdə xalqımızın Prezidentimiz ətrafında sıx birliyinin nəticəsində doğma Azərbaycanımız bundan sonra daha da inkişaf edəcək, dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevriləcəkdir. Neftçilər Azərbaycanın iqtisadiyyatının ildən-ilə inkişaf edəcəyinə, müstəqilliyimizin daha da möhkəmlənəcəyinə, ən əsası isə işğalçı Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, Azərbaycanın həmişə xoşbəxt yaşayacağına dərindən inanırlar. 

Əziz neftçilər,

Bir daha sizi və ailə üzvlərinizi Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, səadət dolu günlər, dövlətimizə sülh və tərəqqi arzulayıram. Arzu edirəm ki, builki Novruz bayramı da məmləkətimizə bolluq, süfrələrinizə ruzi və bərəkət gətirsin.

Hörmətlə,

Rövnəq Abdullayev,   
SOCAR-ın prezidenti