17 mart 2017 23:04
463

Vyana sazişinin müddəti uzadıla bilər

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih Neft İxrac Edən Ölkələr Birliyi və quruma üzv olmayan digər istehsalçı ölkələrin birjalardakı qlobal xam neft ehtiyyatlarının yüksək səviyyədə qalması durumunda iyunda qüvvədən düşəcək Vyana sazişinin müddətinin yenidən uzadıla biləcəyini bildirib.

Səudiyyə Ərəbistanın energetika naziri Vaşinqtonda “Bloomberg News”a verdiyi açıqlamada Vyana sazişinin müddətinin uzadılmasının istisna edilmədiyini bildirib: “Əgər gündəlik hasilat kəsintisindən sonrakı müddətdə birjalardakı neft ehtiyatları (stok) son beş ilin ortalama göstəricilərindən yüksək səviyyədə müşahidə edilərsə, dünya birjalarında neftin qiymətində yüksəlmə tempi müşahidə olunmazsa və şirkətlərin və sərmayədarların neft sənayesinin gələcəyinə inamı azalarsa, Vyana sazişinin müddəti uzadılacaqdır. Onlara neft sənayesini yenidən canlandırmaq üçün nə lazımdırsa, onu edəcəyimizin mesajını vermək istəyirik”

Sözügedən qərarın OPEC-in növbəti iclasında müzakirə olunacağı və yekun qərarın qəbul olunacağı gözlənilir. Xatırladaq ki, OPEC ölkələri mayın 25-də toplanaraq dünyada enerji ixracatçısı  olan ölkələrin milli iqtisadiyyatlarındakı geriləmənin qarşısını almaq məqsədi ilə Vyana sazişinin müddətinin artırılıb və ya artırılmaması ilə bağlı yekun qərar verəcəklər. Əl-Falih bu strategiyanın dünya birjalarını düzgün istiqamətləndirdiyini və əsas göstəricilərin lazımlı bir şəkildə normallaşdığını bildirib.

Hasilat kəsintisi yükünün böyük bir hissəsini üzərinə götürən Səudiyyə Ərəbistanı cari ilin fevral ayında gündəlik 10,011 milyon barel hasilat ilə Vyana sazişində götürdüyü öhdəliyin altında qalıb. Bununla da OPEC-in fevral ayı hasilatı gündəlik referans səviyyəsindən 1,39 milyon barel aşağı müşahidə olunub.

Həmidağa Məcidov, “İki sahil”