Dünyanın neftlə zəngin ölkələrindən olan Venesuelada benzin böhranı yaşanır.
OPEC üzvü olan bu Cənubi Amerika ölkəsində martın 23-də səhər saatlarından başlayaraq paytaxt Karakasda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Venesuelada yanacaq çatışmazlığı həm də yanacaqdoldurma məntəqələrinin bağlı qalmasına səbəb olub. Nəticədə ölkədə olan yanacaqdoldurma məntəqələrinin 290-ı fəaliyyətini davam etdirir ki, bu da ümumi sayın üçdə biri deməkdir.
Bununla belə, yaranmış vəziyyəti müxtəlif şərhlər gəlməkdədir. Rəsmi şəxslər vəziyyətin dəniz yolu ilə yanacaq tədarükünün gecikməsindən irəli gəldiyini və müvəqqəti hal olduğunu bildirsələr də, ölkə mətbuatında bunun yanacaq təchizatı üçün kifayət qədər vəsait olmaması səbəbindən baş verdiyi iddia olunur.
Qeyd edək ki, iqtisadiyyatı neft hasilatı və ixracı üzərinə qurulan və dünyanın ən ucuz maye yanacağını istehlak edən Venesuelada ötən ay son 20 ildə ilk dəfə qiymət artımı olub. Lakin buna baxmayaraq Venesuela dünyada yanacağın ən ucuz satıldığı ölkə olmaqda davam edir.
Venesuela hasil olunan neftin çox böyük əksəriyyətini ixrac edir.
Bu ölkənin ümumi daxili məhsulunun 30 faizi, ixracdan əldə edilən gəlirin 90 faizindən çoxu neft sektorunun payına düşür.
Ceyhun Piriyev, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb