Rusiyanın energetika naziri Aleksandr Novak mətbuata açıqlamasında ölkəsinin Şimal qütbündə neft və təbii qaz ehtiyatlarının axtarışını həyata keçirəcəyini bildirib: “Birjalarda sabitliyin yaranması nəticəsində Şimal qütbündəki enerji qaynaqlarının kəşfi və inkişaf etdirilməsi üçün fəaliyyətimizi sürətləndirəcəyik”. RT (Russian Today) telekanalına açıqlama verən A.Novak Şimal qütbündə və ona yaxın ərazilərdə yerləşən enerji qaynaqlarının Rusiyanın neft və təbii qaz hasilatının gələcəyi olduğunu xüsusi vurğulayıb.
Şimal qütbündə və ona yaxın ərazilərdə yerləşən enerji resurslarının aşkar edilməsi və hasilat işlərinin aparılması üçün nəzərdə tutulan fəaliyyət planının 2014-cü ildən birjalarda neftin qiymətlərinin kəskin şəkildə enməsi ilə dayandırıldığını bildirən Novak yalnız birjalardakı sabitlik sayəsində aparılacaq geoloji kəşfiyyat işlərinin mümkün olacağına diqqət çəkib: “Normallaşan birja şərtləri sayəsində bu bölgədəki enerji qaynaqlarının kəşfi və apardığımız işlərin daha inkişaf etdirilməsi üçün nəzərdə tutulan fəaliyyətimiz daha da sürətlənəcək”.
Novak Şimal qütbündə və ona yaxın ərazilərdə təxmin edilən neft ehtiyatlarının milyard tonlarla olduğunu bildirib. Rusiyalı nazir həmçinin sözügedən ərazidə təxminən 10 trilyon kubmetr təbii qaz ehtiyatının olduğunu qeyd edib. Beynəlxalq Enerji Agentliyinin rəsmi statistikasına görə, dünyada ümumi kəşf edilməmiş neft ehtiyatlarının 13%-i, təbii qaz ehtiyatlarının isə 30%-i Şimal qütbü və ona yaxın ərazilərin payına düşür.
Xatırladaq ki, planetimizin ən ucqar nöqtəsi hesab olunan və bütövlükdə buz təbəqəsindən ibarət olan Şimal qütbü rəsmi şəkildə heç bir dövlətə məxsus olmasa da, Rusiya ilə bərabər ABŞ, Kanada, Norveç, İsveç və Danimarkanın ərazidə tədqiqat işləri aparmaq, bölgənin zəngin təbii ehtiyatlarından istifadə etmək hüququ vardır. Bu ölkələrin hər biri BMT-nin tanıdığı 200 dəniz mili (370 km) çərçivəsində iqtisadi təsir sahəsinə malikdirlər. Şimal qütbü strateji əhəmiyyətli bölgə olduğuna görə, ərazinin sözügedən dövlətlər arasında bölüşdürülməsi hər zaman mübahisələrə səbəb olmuş və bölgənin ədalətli şəkildə bölüşdürülməsi hələ də dünyada həll olunmamış problemlər sırasındadır.
Həmidağa Məcidov, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb