29 mart 2017 19:11
571

İsmayıl Hidayətzadə küçəsi istifadəyə verilib

Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Nərimanov rayonu ərazisindəki İsmayıl Hidayətzadə küçəsi təmir olunub.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İsmayıl Hidayətzadə küçəsinin uzunluğu 575 metr, eni isə 9,5 metr təşkil edir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları qoyulub. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçənin 7 min kvadratmetrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Piyada səkilərinin kənarlarına 670 poqonmetr yeni səki daşları düzülüb.

Təmir işləri yekunlaşdıqdan sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.