Qardaş Türkiyə Qara dəniz və Aralıq dənizində təbii enerji resurslarının axtarışını və geoloji kəşfiyyat işlərini daha da intensivləşdirib. Əvvəllər geoloji kəşfiyyat və qazma işlərini həyata keçirmək üçün üzən qazma platforması icarəyə götürmək üsulunu seçən Türkiyə Petrolları Anonim Ortaqlığı şirkəti (TPAO) artıq bu üsuldan imtina edərək qazma platformasını birdəfəlik almağı planlaşdırır. Bununla da Türkiyə neft və təbii qaz yataqlarının axtarışında önəmli bir addım atmış olacaq. Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın təlimatı ilə TPAO şirkəti neft və təbii qaz yataqlarının axtarışında gəmi ilə seysmik qazma işlərini həyata keçirmək üçün platforma icarəyə götürməkdən imtina edir.
TPAO şirkəti daha öncə hər qazma əməliyyatı üçün platforma anlaşması imzalayaraq fəaliyyətini davam etdirirdi. Əvvəlki dönəmlərdə kirayələnən platformaların maliyyəsi Türkiyə dövlətinə təxminən günlük 1 milyon dollara başa gəldiyi halda, alınması planlaşdırılan yeni qazma platforması xərcləri böyük ölçüdə azaldacaq.
Hazırda TPAO şirkətinə məxsus “Barbaros” seysmik gəmisi Aralıq dənizi və Qara dənizdə geoloji kəşfiyyat işlərini davam etdirməkdədir. Bunun davamı olaraq qazma işlərini həyata keçirmək istiqamətində ciddi addımların atıldığını bildirən energetika və təbii sərvətlər naziri Berat Albayrakın açıqlamasına görə, TPAO şirkəti hər iki dənizdə qazma işlərini gerçəkləşdirmək üçün yeni platformalar almaq istiqamətində hazırlıqlara başlayıb.
Sözügedən üzən platformaların ən çox dirəklərlə bərkidilən və qazma gəmi modelləri istifadə olunmaqdadır. TPAO şirkətinin qazma və hasilat işlərini həyata keçirmək üçün hansı növ platformalardan istifadə edəcəyi hələ tam dəqiq deyil. Açıq dəniz üçün nəzərdə tutulan qazma platformalarının maddi dəyərinə diqqət çəkilərək bu qəbildən olan qazma qurğularının qiymətinin 500 milyon dollardan 1,5 milyard dollar arasında olması bildirilir.
Həmidağa Məcidov, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb