30 mart 2017 14:29
308

TAP Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq

“İtaliya dövləti Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb. Adıçəkilən layihə, həmçinin İtaliyanın Avropada qazpaylayıcı bir ölkəyə çevrilməsi üçün imkan yaradır”. Bu fikri qəzetimizə açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli İtaliya Dövlət Şurası tərəfindən TAP layihəsinin tikintisinə razılıq verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən söylədi.

E.Mirzəbəyli qeyd etdi ki, İtaliya TAP layihəsində paylayıcı rolunu oynayacaq: “Bu, həm İtaliyanın özünün enerji təhlükəsizliyi baxımından, həm də bütövlükdə Avropada oynaya biləcəyi rol baxımından mühüm üstünlüklər yaradır. Nəzərinizə çatdırım ki, bundan əvvəl həmin missiyanı Almaniya həyata keçirirdi. Yəni Rusiyanın “Qazprom” şirkəti vasitəsilə Almaniyaya gələn qaz məhz bu dövlətin şirkətləri tərəfindən, eyni zamanda həmin şirkətlə birlikdə yaradılmış birgə müəssisələr tərəfindən paylanılırdı. Bu aspektdən də TAP layihəsi faktiki olaraq İtaliyanın mövqelərinin daha da möhkəmləndirilməsinə xidmət edir”.

E.Mirzəbəylinin sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan-İtaliya əməkdaşlığı həm enerji sahəsində, həm də digər sahələrdə yüksələn xətt üzrə inkişaf edir: “Bu baxımdan Azərbaycanın həyata keçirdiyi və iştirak etdiyi layihələrin təkcə ölkəmizin həyatında deyil, eyni zamanda Avropa regionunda və müxtəlif dövlətlərin həyatında da mühüm rol oynadığını xüsusi qeyd etmək yerinə düşər. Vurğulamaq istəyirəm ki, bu münasibətlər heç şübhəsiz qarşılıqlıdır”.

Politoloq bildirdi ki, bu təşəbbüslər Azərbaycan tərəfindən həyata keçirilir: “Ölkəmiz həmin layihələrin icrası istiqamətində prinsipial mövqe sərgiləyir və mühüm addımlar atır. Həmin mövqelərin də beynəlxalq dəstək alması qarşılıqlı maraqlar əsasında həyata keçirilir. Ona görə də İtaliyanın TAP layihəsinin tikintisi ilə bağlı qəbul etdiyi qərarı məhz həmin müstəvidən dəyərləndirmək lazımdır”.

Cavid Əkbərov, “İki sahil”