Ötən gün Neft Daşlarında 31 Mart Azərbaycanlıların Soyqırımı günü qeyd edilib. SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov qeyd edib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, çoxlu sayda qoca, qadın və uşağın öldürülməsinə səbəb olub. Mart ayının 30-dan aprelin 2-dək davam edən qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını da yandırıb.
Bildirilib ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti yalnızca Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc edilib. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Anım mərasimində çıxış edənlər erməni vandalizmindən danışıblar, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd ediblər.
Nail Rəhimzadə, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb