03 aprel 2017 16:06
292

“Azəriqaz”: 93 çoxmərtəbəli binaya təbii qaz verilib

Yanvar-mart ayları ərzində 93 çoxmərtəbəli binaya təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-mart ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 93 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 4 min 903 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.